Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması ilə bağlı tender elan edib.
“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Daşkəsən şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” Daşkəsən şəhərini və ətraf yaşayış məntəqələrini əhatə edir. Layihə Daşkəsən şəhəri ilə yanaşı rayonun Alunitdağ və Mədənçilər kəndlərinin, ümumilikdə 17 minə yaxın sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Daşkəsən şəhərini və ətraf kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Qarainək və Gülbulaq su mənbələri seçilib. Su mənbələrindən Daşkəsən şəhərinə qədər 21 km uzunluğunda magistral su kəməri çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla müxtəlif ərazilərdə ümumi tutumu 4 500 kubmetr olan 4 su anbarı tikiləcək. Layihə çərçivəsində 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2 560 ünvana birləşmə veriləcək.
Layihəyə uyğun olaraq Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 21 km uzunluğunda kanalizasiya xətti çəkiləcək və 2 560 ünvan bu şəbəkəyə qoşulacaq. Gələcəkdə şəhərdə yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədi ilə sutkalıq məhsuldarlığı 3 500 kubmetr olan çirkab sutəmizləyici qurğu inşa ediləcək.