Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir. Bu gün Padar-Sığırlı mənzilində 5,8 km yolun əsaslı təmirinə start verilib. Təmir işləri beş gün davam edəcək.
Bunu “APA-Economics”ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010 -2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci ilin iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-ci kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 km 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.