Bakı – APA-Economics. Hacıqabul-Kürdəmir avtomobil yolunda əlavə 2 zolağın tikintisi aparılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu layihə Bakıdan Gürcüstan sərhədinə qədər olan avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçir.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 120-ci km-dən başlamaqla ümumi uzunluğu 80 km təşkil edir. Layihə üzrə 5 yol qovşağının, 1 körpünün, müxtəlif diametrli suötürücü boruların, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur.
Artıq torpaq işlərinin ümumilikdə 94%-i, ikiqat asfalt örtüyün salınması isə 60% yerinə yetirilib. Tikinti işlərində Avropa istehsalı olan və lazer nəzarət cihazları ilə təchiz olunan asfalt döşəyən maşından istifadə olunur ki, bu da asfalt-beton örtüyünün keyfiyyətli döşənməsində xüsusi rola malikdir.
Tikintisinə 2011-ci ildə başlanılan layihənin 2013-cü ildə başa çatdırılması planlaşdırılır.