Bank Of Baku

Hacıqabulda suvarma kanalı inşa edilir

Hacıqabulda suvarma kanalı inşa edilir
# 30 noyabr 2017 13:03 (UTC +04:00)

Hacıqabul rayonunun Pirsaat massivində 4800 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün mənbəyini Kür çayından götürməklə yeni kanal inşa olunur.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, kanalın işə düşməsi ilə həmin ərazidə əkinçiliklə məşğul olan nəzərdə tutulan iri aqroparkların tikilməsi üçün torpaq sahələri  ayrılıb. Artıq kanalın birinci mərhələsinin tikintisi başa çatıb. Hacıqabul rayonunda dəmyə torpaq sahələrinin dövriyyəyə qaytarılması üçün yeni kanalların tikintisi əhəmiyyətli rol oynayacaq. Suvarma kanalının uzunluğu 27605 metr nəzərdə tutulub. Kanal mənbəyini üzən nasos vasitəsilə Kür çayından götürməklə gücü 4 san/kubmetr olacaq. Kanalın çəkilişi iki mərhələdə aparılır. Birinci  mərhələdə 4905 metr  uzunluğunda torpaq kanal 15300 metr beton kanal, 7400 metr isə iki xətli boru xəttindən, nasosxanadan və yardımçı tikililərdən ibarət olacaq. Birinci mərhələdə işlər yekunlaşıb. 2-ci mərhələdə isə nasos stansiyasının tikintisi başa çatdırılacaq. Bundan əlavə iki xətdən ibarət diametri 1020 millimetrlik metal borudan ibarət uzunluğu 7400 metr olan boru xəttinin çəkilişi davam edir.

Tikintinin baş mühəndisi Mirəsgər Əsgərovun bildirdiyinə görə, tikintinin ikinci mərhələsinə may ayından başlanılıb. Artıq 3600 metr beton kanalın tikintisi başa çatıb. Nasos stansiyasında əsas işlər yerinə yetirilib. Bir müddət sonra quraşdırma işlərinə başlanılacaq. Su qəbul edən hovuzda da tikinti işləri başa çatıb.

 

Tikinti trayektoriyası boyunca 3 keçid nəzərdə tutulur. İkisi dəmir yolun, biri isə asfalt yolun altından keçəcək.

Kanal istifadəyə verildikdən sonra suvarılması nəzərdə tutulan 4800 hektar torpaq sahəsindən əlavə həmin ətrafda yerləşən 5 kəndin suvarma suyuna olan tələbat da ödəniləcək. Yeni su kanalı işə düşdükdən sonra bu ərazilərdə həmçinin mal-qaranın baş sayının artırılmasına da münbit şərait yaranır.


Qeyd olunur ki, rayonun Pirsaat əraziləri bu günədək yağış sularının hesabına su ilə təmin olunub. Yeni kanalın çəkilişi  isə həm də qurumağa başlayan Hacıqabul gölünün ekosisteminin bərpa olunmasına da yardımçı olacaq. Suvarma mövsümü başa çatdıqdan sonra Hacıqabul gölü bu kanaldan qidalanmağa başlayacaq. Bütövlükdə isə ümumi dəyəri 25 milyon manat olan bu layihənin tikintisində 60-a yaxın texnika, 100 nəfərə yaxın işçi cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR