Heydər Əliyev Beynəlxalq Aeroportu 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 3,46 milyon sərnişinə xidmət göstərib.
Aeroportun mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 20%-dən çox artıb və bütün 2016-cı il üzrə ümumi statistikanı ötüb.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 2 milyon sərnişin düşüb ki, bunun da 504 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 85%-i beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 50,6%-i AZAL-ın, 49,4%-i xarici aviadaşıyıcıların payına düşmüşdür.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 53 istiqamət üzrə 30 aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq daxildir. 2,1 milyon sərnişin bu istiqamətlərə uçub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.