Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”nadək olan hissəsində təmir-tikinti işləri aparılır.
Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2,1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edir.
Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtüyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi.
Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri ümumilikdə 100 min kvadratmetrə yaxın sahəni əhatə edəcək.
Qeyd edək ki, işlər “Sabunçu yol qovşağı”ndan şəhər mərkəzinə doğru olan istiqamətdə, 3 hərəkət zolağında aparılır. Buna görə, həmin zolaqlarla hərəkət müvəqqəti məhdudlaşdırılıb. Hərəkət digər zolaqlara istiqamətləndirilib. Bir istiqamət üzrə aparılan təmir-tikinti işlər yekunlaşdırıldıqdan sonra, əks istiqamətdə analoji işlərə start veriləcək.
Aparılan təmir-tikinti işləri çərçivəsində yol ayrıcının da yenidən qurulması istiqamətində addımlar atılır. Bu məqsədlə yol ayrıcında quraşdırılmış əyri-xətli dəmir tirlər və köhnə səki daşları sökülərək kənarlaşdırılıb. Yol ayrıcının kənarlarına 4 200 paqon-metr yeni səki daşları düzülür, üstünə isə 6400 kvadratmetr sahəyə isə tamet daşları döşənir.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.