Bu gün Hindistanda təqaüd və təlim proqramlarında iştirak etmiş şəxslərin iştirakı ilə Hindistanın Texniki İqtisadi Əməkdaşlıq ( İTEC) proqramını qeyd etmək məqsədilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən tədbir təşkil olunub.
APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Hindistan səfiri Sanjay Rana bildirib ki, İTEC proqramı Hindistan hökumətinin müxtəlif sahələrdə öz inkişaf təcrübəsini və biliyini Azərbaycan kimi tərəfdaş ölkələrlə bölüşməsi məqsədilə artıq 40 ildir ki həyata keçirilir.
Səfir qeyd edib ki, bu proqram çərçivəsində təklif olunan kurslarda Hindistan hökuməti Hindistanın ən yüksək səviyyəli müəssisələrində bütün xərclərin qarşılandığı təqaüd proqramı ilə təmin edir: "Hazırda müxtəlif sahələrdə hər il 300-ə yaxın təlim kursları təşkil edən 50-dən artıq müəssisə mövcuddur və bu kurslarda iştirak etmək üçün dünyanın 160 ölkəsindən Hindistana təxminən 10 min tələbə gəlir. Azərbaycandan olan iştirakçılar üçün İTEC proqramına hər il 20 yer ayrılır. 2004-cü ildən etibarən 100-dən çox Azərbaycanlı namizəd İTEC proqramı çərçivəsində Hindistanda müxtəlif kurslarda iştirak edib".