Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov «HP Enterprise» qrupunun Mərkəzi və Şərqi Avropa üzrə vitse-prezidenti Herbert Rasrbixlerlə görüşüb.
«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, görüş çərçivəsində H.Rasrbixler bildirib ki, son 10 il ərzində Azərbaycanda müşahidə olunan intensiv inkişaf, həyata keçirilən islahatlar və o cümlədən, 2013-cü ilin «İKT ili» elan edilməsi ölkəmizə ilk səfəri üçün zəmin yaradıb.
«Yerli tərəfdaşlarla keçirilən görüşlərdə HP şirkətinin Azərbaycanda uğurla həyata keçirdiyi layihələr, o cümlədən «Xalq kompüteri» layihəsi haqda ətraflı məlumat əldə etdim. Bu uğurlu təcrübənin digər ölkələrdə də tətbiqinin olduqca səmərəli olacağı qənaətindəyəm. Son illər qeydə alınan yüksək inkişaf fonunda biz Azərbaycanı regionun mərkəzi hesab edirik», - deyə H. Rasrbixler qeyd edib.
Bundan başqa, H.Rasrbixler gələn il HP şirkətinin Azərbaycan bazarında irimiqyaslı layihələrlə çıxış etmək niyyətində olduğunu bildirib: «Azərbaycanın informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər, o cümlədən İnformasiya Texnologiyaları Universitetinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və «Yüksək Texnologiyalar Parkı»nın fəaliyyətə başlaması gələcəkdə ölkədə İKT-nin intensiv inkişafına zəmin yaradacaq».
H.Rasrbixler həmçinin bu ilin dekabr ayında Bakıda keçiriləcək «Bakutel-2013» beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransında iştirak edəcəyini də qeyd edib.
Öz növbəsində nazir Ə.Abbasov ölkədə İKT sektorunun inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı işlər, qlobal və regional layihələrin icrası və gələcək perspektivlər barədə qonağa ətraflı məlumat verib.
Nazir bu gün ölkədə insan kapitalının inkişafına yönələn mütərəqqi siyasətin həyata keçirildiyini vurğulayıb.
Daha sonra nazir sektor üzrə həyata keçirilən işlər kontekstində dünyanın aparıcı İT şirkəti olan HP ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə əminliyini ifadə edib.