“Caspian European Club”, “Caspian American Club” və “Gürcüstanın Caspian Energy Georgia” şirkəti (oktyabrın 27-də) Gürcüstanda ikinci CEO Lunch Tbilisi təşkil ediblər.
Fəxri qonaq qismində CEO Lunch-da Gürcüstanın maliyyə nazirinin birinci müavini Georgi Tabuaşvili, Gürcüstanın maliyyə nazirinin müavini Laşa Xutsişvili, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, mikroiqtisadi təhlil və xəzinə siyasətinin planlanması departamentinin rəhbəri Yekaterina Mikabadze və Marneuli bələdiyyə başçısı Teymur Abazov və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.
Forumda çıxış edən Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Tabuaşvili və Maliyyə Nazirliyinin digər nümayəndələri təqdimat keçirib və qonaqlara Gürcüstan iqtisadiyyatındakı son iqtisadi tendensiyalar, həmçinin həyata keçirilən 4 bənddən ibarət sürətli iqtisadi inkişaf layihələri barədə məlumat veriblər. Bundan əlavə, “CEO Lunch Tbilisi”nin bütün iştirakçılarına vergi imtiyazları və Gürcüstanda fəaliyyət göstərən şirkətlərə əlavə imkanlar barədə məlumat verilib.
Qonaqları salamlayan Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təməl sayəsində Azərbaycan müstəqillik əldə etdiyi gündən bir çox sahələr üzrə nailiyyətlər qazanıb və dinamik inkişaf edib. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi iki ölkə arasındakı qarşılıqlı ticari və iqtisadi əlaqələrin daha da inkişafına təkan verəcək, investisiyanın cəlb edilməsinə, Azərbaycan və Gürcüstan şirkətləri arasındakı biznes əlaqələrin nizamlanmasına zəmin yaradacaq. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf tempini yüksək qiymətləndirən səfir Azərbaycan-Gürcüstan əlaqələrinin bundan sonra da dinamik inkişaf edəcəyindən əminliyini bildirib. “Bir sıra aparıcı layihələr - Azərbaycan və Gürcüstanın iştirak etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft boru xətləri, Bakı-Tbilisi-Qars və TANAP dəmir yolları buna əyani sübutdur. Maraqlıdır ki, oktyabrın 30-da Türkiyədən keçməklə Cənubi Qafqazı Avropa ilə dəmir yolu vasitəsilə birləşdirən irimiqyaslı layihənin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçiriləcək”, - deyə səfir Dursun Həsənov bildirib.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev “Caspian Energy Georgia”nın fəaliyyətinin yenilənməsinə göstərilən fəal dəstəyə görə Gürcüstan hökumətinə və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənova minnətdarlığını bildirib. O qeyd edib ki, bu cür tədbirlər mütəmadi olaraq təşkil ediləcək. O xatırladıb ki, sentyabrın 29-da Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə naziri Dmitri Kumsişvili, Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Giorgi Qaxariya, Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqola Nemsadze və Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun iştirakı ilə birinci “CEO Lunch Tbilisi” keçirilib.
Telman Əliyevin sözlərinə görə, 2018-ci ilin martında Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi, həmçinin “Caspian European Club”, “Caspian American Club” və Gürcüstanın “Caspian Energy Georgia”nın təşkilati dəstəyi ilə 5-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılış mərasimində Gürcüstanın baş-naziri Giorgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi və energetika blokunu təmsil edən bütün üzvlərinin iştirakı planlaşdırılır.
Görüşün iştirakçıları üçün 2017-ci ilin sonunadək “CEO Lunch Tbilisi”nin sponsoru olacaq “PASHA Bank Georgia”nın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan və Gürcüstandan olan 80-ə yaxın biznesmen iştirak edib.
Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektor arasında dialoqun nizamlanmasında aparıcı rol oynayan “CEO Lunch Tbilisi” həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.
“CEO Lunch Tbilisi”də sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandırılan suallara toxunulub, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.
Telman Əliyev xatırladıb ki, “Caspian European Club” Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradılıb. “Caspian European Club” və “Caspian American Club”un sədri Azərbaycanın prezidenti İlham Əliyevdir.
Onun sözlərinə görə, yarandığı ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.