Fevralın 23-də Gürcüstanda keçiriləcək IV "CEO Lunch Tbilisi"yə iştirakçı şirkət rəhbərlərinin qeydiyyatı başlayıb.
"APA-Economics"in məlumatına görə, "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini Telman Əliyev bildirib ki, təşkilata üzv şirkətlərin rəhbərləri arasında keçirilmiş sorğuya əsasən respondentlərin əksəriyyəti Tbilisinin yeni təyin olunmuş meri Kaxa Kaladzeni fəxri qonaq qismində dəvət etməyi təklif edib.
“Caspian European Club öz növbəsində Kaxa Kaladzenin adına IV "CEO Lunch Tbilisi"də iştirak etmək xahişi ilə rəsmi məktub ünvanlayıb”, - deyə o qeyd edib.
T. Əliyev "CEO Lunch Tbilisi"nin bütün tədbirlər zamanı "CEO Lunch Tbilisi"də iştirak edən şirkət rəhbərləri və top-menecerlər ilə fərdi şəkildə söhbət edən, problemləri ilə maraqlanan və onların Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli iqtisadi və işgüzar əlaqələrin nizamlanması üzrə təkliflərini dinləyən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun şəxsi dəstəyini və iştirakını xüsusilə vurğulayıb.
O həmçinin xatırladıb ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə I "CEO Lunch Tbilisi" "Caspian Energy Georgia"nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində sentyabrın 29-da Gürcüstanda keçirilib.
CEO Lunch Tbilisi-yə qeydiyyat http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/ceo-lunch/item/162-ceo-lunch-tbilisi-23-02-2018
Gürcüstan və Azərbaycanın dövlət və özəl sektoru arasında dialoqun nizamlanmasında aparıcı rol oynayan CEO Lunch Tbilisi həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. "Caspian European Club" dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilati dəstək göstərir.