Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin iyul ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri əvvəlki ayla müqayisədə 3,6% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 1,5% bahalaşıb.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi ixrac üzrə 1,5%, tranzit üzrə isə 1% ucuzlaşıb, idxal üzrə 3,1%, yerli əlaqə üzrə 3% bahalaşıb.
Beynəlxalq əlaqə üzrə dəmir yolu nəqliyyatında sərnişindaşıma tarifləri 1,2% bahalaşıb.
Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 3,3% ucuzlaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 11%, digər xarici ölkələrə isə 5,4% bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 7,3% ucuzlaşıb.
Avtomobil nəqliyyatı vasitəsilə işəmuzd yükdaşıma tarifləri beynəlxalq əlaqə üzrə 0,4% ucuzlaşıb, yerli əlaqə üzrə isə 8,4% bahalaşıb.