Bank Of Baku

Nazir: "İqtisadiyyatın şaxələndirilməsi təqribən 10 ilə yaxın vaxt tələb edəcək"

Nazir: "İqtisadiyyatın şaxələndirilməsi təqribən 10 ilə yaxın vaxt tələb edəcək"
# 20 dekabr 2017 08:22 (UTC +04:00)

"İqtisadiyyatın şaxələndirilməsi təqribən 10 ilə yaxın vaxt tələb edəcək".

 

"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

 

Onun sözlərinə görə, bu müddət ərzində əsas çağırışlardan biri əmək fəaliyyətli əhalinin yüksək məhsuldarlıqlı iş yerləri ilə təmin edilməsidir. "Əmək ödənişlərinin aşağı olduğu, 1,4 milyon nəfərin və ya məşğul əhalinin 36,3 faizinin fəaliyyət göstərdiyi kənd təsərrüfatında son illər start verilmiş yeni texnologiyaların tətbiqi ilə aparılan kompleks və sürətli islahatlar nəticəsində əmək məhsuldarlığının yüksəlməsi, bununla da məşğul əhalinin həmin əmək sferasında tədricən sıxışdırılması baş verəcək. Təkcə onu qeyd edim ki, 2005-2016-cı ildə "Aqrolizinq" tərəfindən ölkəyə gətirilmiş 28 mindən çox kənd təsərrüfatı texnikasının 20 faizə yaxını və ya 4400 ədədi, lizinqə verilmiş 22 mindən çox kənd təsərrüfatı texnikasının 22 faizə qədəri yalnız 2016-cı ilin payına düşür ki, bu da kənd təsərrüfatı sahəsində aparılan texnoloji yenilənmənin son illər xeyli intensivləşdiyini göstərir. Bu da bu sahədə əmək resurslarının bundan sonrakı illərdə daha sürətlə sıxışdırılması məsələsini ortaya qoyacaq”, - deyə S.Müslümov vurğulayıb.

 

Nazir əlavə edib ki, xidmət sektorunun, xüsusilə turizm, ictimai iaşə, pərakəndə ticarət, İKT, nəqliyyat sahələrində, o cümlədən neft-qaz sektorunda yeni iş yerlərinin yaradılması nəzərdə tutulur: “İşçi qüvvəsinin əsas hissəsi də bu sektorlara yönələcək. Hesab edirik ki, növbəti 10 illik inkişaf mərhələsində də Azərbaycanda mövcud məşğulluq modelinin davam etdirilməsi məqsədəuyğundur. Başqa sözlə, nisbətən orta məhsuldarlıqlı, orta gəlirləri əldə etməyə imkan verən və əhali içərisində orta təbəqənin xüsusi çəkisini artıran model davam etdirilməlidir. Bu, əsasən urbanizasiya prosesi ilə yanaşı, kənd təsərrüfatında çalışanların digər sektorlara keçidinin yumşaq şəkildə baş verməsində də vacib rol oynaya bilər. Bu modelin tətbiqi zamanı prioritet məsələlərdən biri bank kreditlərinin adekvat idarə edilməsi olacaq. Həmçinin ölkədə kadr hazırlığı sisteminin, o cümlədən peşə təhsili sisteminin inkişafı istiqamətində kompleks tədbirlərin reallaşdırılması, o cümlədən bu tədbirlər sisteminin mühüm elementlərindən biri kimi peşə standartları modelinin tətbiqi, məşğulluq orqanlarının peşə hazırlıq sisteminin regional şəbəkəsinin daha da genişləndirilməsi təmin olunacaq. Məhz bu dövr başa çatdıqdan sonra üstünlük Avropa modelinə verilməklə sosial təminat sisteminin gücləndirilməsi proseslərinə keçidi təmin etmək olar".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR