Beynəlxalq sərgi və konqreslərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti ənənəvi olaraq sərgi mövsümünü payızda açacaq.
“Caspian Event Organisers” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bütün sərgilər Azərbaycanın dövlət strukturları tərəfindən göstərilən rəsmi dəstək çərçivəsində təşkil olunur. Bir sıra layihələr isə beynəlxalq birliklər və sənaye assosiasiyalarının dəstəyi ilə həyata keçiriləcək.
Bu ilin payız mövsümündə bir sıra beynəlxalq sərgilərin həyata keçirilməsi planlaşdırılıb: təhsil “Education”, karyera “Career”, ekologiya “Caspian Ecology” və Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel” sərgiləri. Oktyabr ayında yeni layihə - Azərbaycan Beynəlxalq “Hədiyyələr” “GIFT FAIR 2017” sərgisi start götürəcək.
Bu ilin oktyabrın 6-da Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Təhsil “Education” və Karyera “Career” sərgilərinin açılışı baş tutacaq. Hər iki sərgi Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Sərgilərdə ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramları, o cümlədən işgüzar xarici dil kursları, təcrübə proqramları, təlimlər və məktəbəqədər təhsil proqramları təklif olunacaq. Öz növbəsində, 11-ci Azərbaycan Beynəlxalq “Career” sərgisi ölkədə peşəkar kadrlara artan tələbatı əks etdirəcək. Karyera sərgisinin iştirakçıları arasında gənclər üçün iş vakansiyaları və xüsusi təhsil proqramları təklif edən “Azersun”, “Gilan Holding”, “JTI” və digər şirkətlər yer alır.
Oktyabrın 27-28-də “Boulevard Hotel Baku” otelində Azərbaycanda debüt edən Hədiyyələr “GIFT FAIR 2017” sərgisi keçiriləcək. “GIFT FAIR” sərgisində geniş seçimli biznes-hədiyyələri, VİP səviyyəli hədiyyələr, habelə əzizləriniz və dostlarınız üçün nəzərdə tutulan hədiyyələrin nümayişi ilə yanaşı, təntənəli mərasimlərin təşkili və keçirilməsi üçün məhsul və xidmətlər, eləcə də interyer dizaynı üçün nəzərdə tutulan əşyalar və digər məhsullar təklif olunacaq. Sərginin keçiriləcəyi iki gün ərzində yüksək keyfiyyətli məhsulların geniş çeşidi və bu sənaye sahəsinin inkişaf təmayülləri ilə tanış olmaq üçün unikal imkan yaradılacaq. Sərginin iştirakçıları bayram tədbirlərinin, eləcə də toy və toyqabağı tədbirlərin təşkili, habelə şirniyyat məmulatlarının və əl işlərinin hazırlanması sahəsində ixtisaslaşan şirkətlərdən ibarətdir. VIP ziyarətçilərlə mövcud əlaqələrin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə elit xidmətlər və məhsullar təklif edən şirkətlər, butiklər və turizm agentlikləri GIFT FAIR 2017 sərgisi çərçivəsində “Premium sektor” bölümündə təmsil olunacaqlar.
Noyabrın 14-16-da isə estafeti 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit “Caspian Ecology” sərgisi götürəcək. Ənənəvi olaraq, sərgi mövsümü dekabrın 5-8-də 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı “Bakutel” sərgi və konfransı ilə yekunlaşacaq.
Beləliklə, Azərbaycanın paytaxtını müvafiq sənaye sahələrinin peşəkarları üçün etibarlı tərəfdaşlarla görüşmək və biznesdə yeni istiqamətlər kəşf etmək, eləcə də sənayedəki innovasiyalar haqqında məlumat toplamağa imkan yaradan ixtisaslaşmış sərgilərdən ibarət dolğun sərgi mövsümü gözləyir. Bütün sərgilər barədə daha ətraflı məlumatı şirkətin www.ceo.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.