Bakı. Aynur Əliyeva - APA-Economics. Bakı şəhəri inzibati ərazi vahidi tərkibində yeni yaradılan Pirallahı rayonunda planlı şəkildə işlərin aparılması üçün rayonun Baş planın hazırlanması istiqamətində artıq bir müddətdir işlər görülməkdədir.
İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, rayonun Baş planının tərkib hissəsi olan Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı işlər artıq başa çatdırılmaq üzrədir. Ötən gün rayon İcra Hakimiyyətində ilkin müzakirəsi keçirilən Baş plan Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun iştirakı ilə keçirilən müzakirələrdə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq, bir sıra təkliflər irəli sürülüb. Bu təkliflərdə alternativ yolların çəkilməsi və küçələrin genişlənməsi, o cümlədən daxili magistral yolun çəkilməsi, yerüstü və yeraltı keçidlərin inşa edilməsi, yaşayış massivləri salınması, istirahət və əyləncə komplekslərinin tikintisi, su, kanalizasiya, elektrik, qaz xətlərinin baş planla uyğunlaşması və digər məsələlər əksini tapıb.