Bakı. Aynur Əliyeva - APA-Economics. Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu tədbir dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində həyata keçirilir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması” layihəsinə əsasən, Qax şəhəri, Qaxbaş və Qaxinqloy kəndlərində 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, 20 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.
Layihəyə əsasən, istehlakçıların dayanıqlı və keyfiyyətli su ilə təmin edilməsi üçün su mənbəyi Qax rayonunun İlisu qəsəbəsi yaxınlığındakı bulaqlar seçilib. Bulaq sularının toplanaraq şəhərə ötürülməsi məqsədi ilə suqəbuledici qurğu tikilib və bu mənbədən Qax şəhərinə qədər 250 mm diametrli borularla 6,7 km magistral su xətti çəkilib. Qax şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək məqsədi ilə inşa edilən və hər birinin tutumu 1000 kubmetr olan 6 ədəd su anbarında son tamamlama işləri aparılır.
Qax şəhərində ümumi uzunluğu 119 km olan şəhərdaxili su şəbəkəsinin 55 km-lik hissəsi çəkilib, 2 minə qədər ünvan şəbəkəyə qoşulub. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir və indiyə qədər 5900 abunəçinin 237-si sayğacla təmin olunub. Şəhərdaxili şəbəkənin hazır olan hissəsinə yeni mənbədən içməli suyun verilməsinə başlanıb.
Qeyd edək ki, Qax şəhərində ilk dəfə olaraq kanalizasiya sistemi yaradılır. Bu məqsədlə şəhərin Heydər Əliyev prospekti boyunca 17 km uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatıb, 89,5 km kanalizasiya şəbəkəsinin isə 34 km-lik hissəsində işlər yekunlaşıb. Qax şəhərində, Qaxbaş və Qaxinqloy kəndlərində yaranacaq tullantı suları şəhərin kənarında tikiləcək və məhsuldarlığı sutkada 8000 kubmetr olacaq çirkab su təmizləyici qurğuya ötürüləcək.
Xatırladaq ki, Qax şəhərinin su təchizatı sistemi 1950-60-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək Qax şəhərinin əhalisi çay və artezian sularından istifadə edirdi. Şəhərdə mövcud olmuş su şəbəkəsi istismara yararsızdır və şəhər əhalisinin təxminən yarısı mərkəzləşmiş qaydada içməli su ilə təmin olunur.