Bank Of Baku

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır

Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır
# 24 avqust 2017 08:33 (UTC +04:00)

“Azəravtoyol” ASC avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində apardığı kompleks tədbirlər çərçivəsində respublikanın avtomobil yollarında yağıntılar və intensiv hərəkət nəticəsində asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin təmir-bərpa işlərini davam etdirir.

 

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu çərçivədə həm turizmin inkişafı baxımından, həm də vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsi üçün xüsusi əhəmiyyətə malik olan Quba-Xaçmaz avtomobil yolunda təmir-bərpa işləri aparılır.

 

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna çıxışı təmin edən sözügedən yolun ümumi uzunluğu 22 km təşkil edir. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 12 m-dir. Bura 3,75 m enində yolun hərəkət hissəsi və 2,25 m enində çiyinlər daxildir.

 

Sözügedən yolun 5,5 km-lik hissəsinə artıq yeni asfalt-beton örtüyü döşənib, digər hissələrdə isə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi, yararsız qruntun qazılaraq çıxarılması və yerinə yararlı material tökülərək kipləşdirməsi işləri aparılır, yeni asfalt örtüyünün döşənməsi üçün hazırlıq görülür.

 

Ümumilikdə işlər zamanı yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. İşlər zamanı yolun 12 km-də yerləşən körpünün də təmir olunması nəzərdə tutulub.

 

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra zəruri olan yerlərə 52 ədəd yol nişanı quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.

 

Qeyd edək ki, Quba-Xaçmaz avtomobil yolunun bərpa olunması ilə 7 yaşayış məntəqəsinin on minlərlə sakininin gediş-gəlişi rahatlaşacaq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış təmin olunmaqla yük və sərnişin daşınması xeyli asanlaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR