Bakı. Aynur Əliyeva – APA-Economics. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2013-cü ilin yanvar-iyun aylarının yekunlarına dair kollegiya iclası keçirilib. RİTN-in mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, iclası giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqindən irəli gələn vəzifələr barədə danışaraq, ötən müddətdə respublikada aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik inkişafına və artım tempinə nail olunduğunu qeyd edib.
Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin müstəsna yeri olduğunu da bildirən nazir Dünya İqtisadi Forumunun «Qlobal informasiya texnologiyaları-2013» hesabatında Azərbaycanın 144 ölkə arasında «İKT-yə dəstəkdə hökumətin uğurları» indeksi üzrə 8-ci, «Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi» indeksi üzrə 9-cu, «İnternetin əlçatanlığı» göstəricisinə görə isə 20-ci yerdə qərarlaşdığını xüsusi vurğulayaraq, İKT sektorunun inkişafı ilə bağlı gələcək plan və perspektivlərdən söz açıb.
Bundan başqa, kollegiya iclasında cari ilin 6 ayı ərzində rabitə və informasiya texnologiyaları sektorunda görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib. İclasda bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə İKT sektorunda artım tempi 10,5% təşkil edib. Eyni zamanda “Azərbaycan Respublikasında 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə Tədbirlər Planı”na müvafiq olaraq, 6 ay ərzində həyata keçirilən işlər, tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilib.
Kollegiyaya yekun vuran nazir gələcək hədəflərə toxunaraq, ölkə başçısının sahə ilə bağlı müvafiq fərman və sərəncamları, o cümlədən dövlət proqramlarında nazirliyin üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini qeyd edib.
Nazir «İKT ili» çərçivəsində rəqəmli TV yayımının genişləndirilməsi, poçt sahəsində qeyri-ənənəvi xidmətlərin artırılması, informasiya təhlükəsizliyi, tənzimlənmə, «e-hökumət», «e-imza», ümumilikdə elektron xidmətlərin həcminin artırılması və sürətləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqi ilə bağlı tədbirlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişafı Fondu ilə birgə reallaşması nəzərdə tutulan layihələr, o cümlədən RİTN sahəsində çalışan məmurların vətəndaşlarla ünsiyyətinin daha sıx şəkildə qurulması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, «Bakutel» sərgi-konfransına hazırlıq işlərinin sürətləndirilməsi, bu il ölkəmizdə keçiriləcək prezident seçkiləri prosesində Mərkəzi Seçki Komissiyası ilə birgə İKT-nin tətbiqinin yüksək səviyyədə təşkili üzrə müvafiq tövsiyələrini bildirərək, bunlarla yanaşı, mövcud nöqsan və çatışmazlıqların da aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.