Bank Of Baku

Rusiya jurnalında «Təmiz Şəhər» ASC-nin fəaliyyətindən bəhs edən məqalə dərc olunub

Rusiya jurnalında «Təmiz Şəhər» ASC-nin fəaliyyətindən bəhs edən məqalə dərc olunub
# 01 avqust 2013 11:16 (UTC +04:00)

Bakı – APA-Economics. Rusiyanın «Bərk Məişət Tullantıları» adlı elmi-təcrübi jurnalında «Təmiz Şəhər» ASC-nin fəaliyyətindən bəhs edən məqalə dərc olunub.

 

«Təmiz Şəhər» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Tullantıların idarəolunması: Bakının təcrübəsi» mövzusunda məqalədə Azərbaycanda, xüsusən də Bakıda ətraf mühitin mühafizəsi və tullantıların düzgün şəkildə idarəolunması işinin təşkili üzrə son illərdə görülən tədbirlər, həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumatlar öz əksini tapıb.

 

Məqalədə bildirilir ki, Bakı şəhərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının «Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında» sərəncamına əsasən, «Təmiz Şəhər» ASC 2009-cu ildən fəaliyyətə başlayıb və Bakı şəhərində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etmək işlərini həyata keçirir.

 

Məqalədə Səhmdar Cəmiyyətin balansına verilmiş Balaxanı poliqonunun sanitariya və gigiyena normalarına cavab verən poliqona çevrilməsi məqsədilə görülən işlərdən geniş şəkildə bəhs olunur.

 

Jurnalda həmçinin, tullantıların düzgün şəkildə zərərsizləşdirilməsi məqsədilə yaradılmış Bərk Məişət Tullantılarının Yandırılması Zavodu barədə geniş məlumat verilir. Qeyd olunur ki, dördüncü nəsil texnologiyaların tətbiqi ilə Avropa Birliyinin ətraf mühitinin mühafizəsi sahəsində ən sərt normativlərinə cavab verəcək şəkildə inşa olunmuş zavod istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavoddur. Bu zavod təkrar emal sənayesinin inkişaf etdirilməsi məqsədilə inşa olunub. İllik gücü 200 min ton olan zavod ölkədə tullantıların çeşidlənməsi üzrə ilk pilot layihədir.

 

Məqalədə tullantıların çeşidlənmiş şəkildə toplanması işinin həyata keçirilməsi məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qala qəsəbəsi və «İçərişəhər» ərazisində reallaşdırılan layihələr haqqında məlumatlar da diqqətə çatdırılır və «yaşıl düşüncə» tərzinin inkişaf etdirilməsi istiqamətində keçirilən maarifləndirmə tədbirlərindən bəhs olunur.   

 

Qeyd edək ki, MDB məkanında tullantıların idarəolunması sahəsində nüfuzlu nəşrlərdən olan «Bərk Məişət Tullantıları» jurnalı tullantıların toplanması, çeşidlənməsi, zərərsizləşdirilməsi, yandırılması və təkrar emalı üzrə mütəxəssislər, müvafiq dövlət qurumları üçün nəzərdə tutulub. Jurnalın hər nömrəsində müxtəlif dünya ölkələrinin təcrübəsindən bəhs edən məqalələr nəşr edilir. Jurnalda dərc olunan materiallar elmi-tədqiqat institutlarının aparıcı əməkdaşları, tullantılarla rəftar üzrə nəzarət və idarəetmə işlərini həyata keçirən müəssisə və dövlət nümayəndələri tərəfindən hazırlanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR