"Şimal-Cənub nəqliyyat dəhlizinin iqtisadi əhəmiyyəti qədər siyasi əhəmiyyəti də böyükdür. Azərbaycan üçün bu layihənin əhəmiyyəti çox böyükdür. Belə ki, Azərbaycan bu layihə ilə Rusiya və İran kimi regionun, deyərdim ki, hətta dünya səviyyəsində nəhəng dövlətlərdən birinə çevrilmiş olur".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Elmlər Akademiyası yanında Y. Primakov adına Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Ölkələri Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Krılov bildirib.
Tehranda keçirilən Rusiya-Azərbaycan-İran prezidentlərinin üçtərəfli görüşünü şərh edən rusiyalı siyasi ekspert Şimal-Cənub dəhlizinin üçtərəfli görüşdə əsas müzakirə mövzusu olacağını söyləyib: "Bu layihənin region ölkələri üçün böyük əhəmiyyəti var. Bu, xüsusilə İran üçün vacibdir. Trampın İranla nüvə sazişinə yenidən baxacağı ilə bağlı bəyanatından sonra rəsmi Tehran Qərbə göstərmək istəyir ki, onun önü açılıb. Azərbaycan və Rusiya tranzit yolu İran üçün böyük imkanlar açır".
A. Krılov Şimal-Cənub nəqliyyat dəhlizinin Rusiya üçün də çox əhəmiyyətli layihə olduğunu vurğulayıb: "Bu Rusiya məhsullarını Fars körfəzinə çıxaracaq çox ucuz və sərfəli tranzit yoludur".
Prezidentlərin Tehran görüşünü APA-ya şərh edən Beynəlxalq İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitunun direktoru, akademik Aleksandr Dınkin isə üçtərəfli görüşdə Cənub dəhlizi layihəsindən başqa Xəzərin hüquqi statusu ilə bağlı bir sıra məsələlərin, o cümlədən Suriya böhranının və beynəlxalq terrorçuluğa qarşı birgə mübarizənin müzakirə olunacağını söyləyib.