“2004-2012-ci illər ərzində prezident İlham Əliyevin dəstəyi nəticəsində metropoliten üçün 116 ədəd yeni vaqon alınıb”. “APA-Economics” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, Bakıda metronun əhatə dairəsini daha da genişləndirmək və gələcək inkişaf perspektivlərini müəyyən etmək qarşıda duran ən vacib məsələlərdən idi: “Məhz bu səbəbdən cənab prezidentin “Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 10 noyabr 2008-ci il tarixli 34 nömrəli və “Bakı Metropoliteninin Perspektiv İnkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 18 mart 2011-ci il tarixli 1408 nömrəli sərəncamları xüsusi önəm daşıyır. Bu sərəncamlarla metropolitenin 20 illik perspektiv inkişaf strategiyası müəyyənləşdi və 2011-2015-ci illəri əhatə edən ilk beşillik Dövlət Proqramı və “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edildi. Təsdiq olunmuş uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud və 2 əlavə yeni xətt olmaqla 5 xətdən, 76 stansiyadan və 120 km-ə yaxın metro xəttindən ibarət olacaqdır”.