APA-nın Qərb bürosunun verdiyi məlumata görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Onun sözlərinə görə, artıq təyyarə ilə Bakıya və əks istiqamətdə gedib gələnlərin sayının artdığını nəzərə alaraq aidiyyəti qurumlara sözügedən istiqamətdə aviareyslərin gündəlik həyata keçirilməsi ilə bağlı müraciət edilib. E. Vəliyev artıq müsbət cavab alındığını və sentyabr ayından uçuşların gündəlik olacağını bildirib.
Gəncə Beynəlxalq Hava Limanının direktoru Bəylər Nəcəfovun APA-ya verdiyi məlumata görə hazırda Bakı-Gəncə və əks istiqamətdə aviareyslər həftənin 3-cü, 5-cü və bazar günləri olmaqla üç dəfə “Embrarer” təyyarəsi ilə həyata keçirilir.
“Sentyabrın 2-dən etibarən Bakı Gəncə və əks istiqamətində uçuşlar gündəlik həyata keçiriləcək. Hazırda uçuşların vaxtlarının təyini üzərində iş aparırıq. Uçuşlar 106 yerlik “Embrarer” təyyarələri ilə, çatışmazlıq olsa, 150 yerlik “Aerobus”larla həyata keçiriləcək”
Bakıdan Gəncədə uçuşun vaxtı 50 dəqiqədir. Bu istiqamətdə aviabiletin qiyməti 30 manatdır.