Bakı. Aynur Əliyeva - APA-Economics. Şirvan-Muğan qrup su kəmərindən Şirvan şəhərinin bir hissəsinə, eləcə də Yeni Yaşayış massivinə içməli su verilməsinə başlanılıb. Bununla da indiyədək mövcud şəbəkə vasitəsilə bir gündən bir su alan şəhər əhalisinin bir hissəsinə 24 saat fasiləsiz içməli suyun verilməsi təmin edilib.
«Azərsu» ASC-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, hazırda Yeni Yaşayış massivində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işləri davam etdirilir. Belə ki, ümumi uzunluğu 60 km olan paylayıcı şəbəkənin 45,7 km-lik hissəsi çəkilib və bununla da 4 mindən çox sakin fasiləsiz içməli su ilə təmin olunub. İşlər tam başa çatdıqdan sonra Şirvan şəhərində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 25 min nəfərə çatacaq. Yeni Yaşayış massivində 2 minədək abonent smart-kart sayğacları ilə təmin olunacaq.
Qeyd edək ki, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tamamilə yenidən qurulması isə Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi «Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya Layihəsi» çərçivəsində həyata keçirilir.
Qarşıdakı aylarda isə Şirvan-Muğan qrup su kəmərindən Salyan və Biləsuvar şəhərlərinə də içməli suyun verilməsi təmin ediləcək.
Xatırladaq ki, Şirvan-Muğan qrup su kəmərinin təməli 2012-ci ilin iyul ayında qoyulub.