Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində paytaxt Bakıda aparılan kompleks tədbirlər çərçivəsində Binəqədi rayonu Süleyman Sani Axundov küçəsinin də bir hissəsi təmir olunub.
Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, təmir işləri adıçəkilən qurum tərəfindən yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla küçənin Azadlıq prospekti ilə kəsişməsindən Şövkət Məmmədova küçəsi ilə kəsişməsinədək olan hissəsində ( "Azadlıq prospekti" metro stansiyasının önü) aparılıb. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Uzunluğu 620 metr, 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni ortalama 16,5 metr təşkil edir.
Sözügedən küçədə yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və hərəkət hissə asfaltlanması üçün hazır vəziyyətə gətirilib. Ümumilikdə yolun 11500 kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyü döşənib.
Bundan başqa küçə boyu zəruri olan yerlərdə səkilər və səki daşları bərpa olunub, yeraltı kommunikasiya xətlərinin 16 ədəd baxış qapağı yenilənib.
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.
Təmir-tikinti işləri Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında və yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.