Bank Of Baku

Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur

Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolu yenidən qurulur
# 19 yanvar 2018 06:29 (UTC +04:00)

Balakən rayonunda 2017-ci ildə 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini əhatə edən 24,5 km uzunluğunda Balakən-Sarıbulaq-Qabaqçöl-Xalata avtomobil yolu yenidən qurulub. Cari ildə isə ümumi uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, artıq həmin yollardan birində - Balakən-Qazbinə-İtitala yolunda təmir-tikinti işlərinə start verilib.

 

Uzunluğu 29 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin işini asanlaşdırıb: "Çünki, sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı".

 

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

 

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır. Yol əsası hazır olan hissələr isə asfaltlanır. Artıq yolun 3 kilometrə yaxın hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınması yekunlaşıb. Ümumilikdə isə yolun 170 min kvadratmetrdən çox sahəsinə yeni asfalt-beton örtük döşənəcək.

 

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq 21 ədəd suötürücü borunun quraşdırılması və 5 metr uzunluğunda 1 dördbucaqlı su keçidinin inşası işləri yekunlaşdırılıb. Hazırda daha 1 ədəd 5 metr uzunluğunda dördbucaqlı su keçidin və 12 metr uzunluğunda körpünün inşası işləri aparılır.

 

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR