Türkiyədə fəaliyyət göstərən Mərmərə qrupu strateji və sosial araşdırmalar vəqfinin rəhbəri Akkan Süver bildirib ki, Azərbaycanda keçirilən Bakı Şopinq Festivalı istər ölkənin tanıdılması, istər turistik baxımdan böyük önəm daşıyır. Professor qeyd edib ki, bu festival Azərbaycan iqtisadiyyatına, büdcəsinə faydalı olacaq.
A.Süver qeyd edib ki, Bakı Şopinq festivalı Azərbaycan hökumətinin turizmə göstərdiyi diqqət və qayğısı nəticəsində ərsəyə gəlmiş bir tədbirdir: “Regionun ən güclü ölkəsi olan Azərbaycan bütün sahələrə olduğu kimi, turizmə də böyük dəstək verir və MDB məkanında ilk dəfə Şopinq festival keçirməklə bir ilkə imza atır”.
“Mən əminəm ki Azərbaycan bu festivalı yüksək səviyyədə təşkil edib. Çünki qardaş ölkəmiz bu günə qədər istər beynəlxalq istər də regional tədbirlərin təşkilində nümunə olub. Avroviziya, Avropa oyunları, İslam oyunları eləcə də Formula 1 yarışları kimi nəhəng tədbirləri böyük uğurla həyata keçirən Azərbaycan öz turistik imkanlarını bu festival vasitəsilə dünyaya daha da yaxından tanıdacaq. Bu festival nəinki Azərbaycan, eləcə də Qafqaz regionu və bütün türk dünyasına faydalı olacaq”, - deyə Akkan Süver bildirib.