QMİ sədri Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak edib

QMİ sədri Nyu-Yorkda “Vicdana çağırış” Fondunun yubiley tədbirində iştirak edib
# 26 sentyabr 2015 15:57 (UTC +04:00)

Bakı - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nyu-Yorkda «Vicdana çağırış» Beynəlxalq Fondunun 50 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, QMİ sədri A. Paşazadə BMT Baş Assambleyasının bir çox iştirakçılarının qatıldığı 500-ə yaxın qonaq qarşısında çıxış edib.

Şeyxülislam mötəbər auditoriyaya Azərbaycan reallıqlarını çatdıraraq, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyəsi, söz və etiqad azadlığının, tolerantlıq, multikulturalizm mühitinin hökm sürməsi, burada ksenofobiya, antisemitizm təzahürlərinin olmadığını qeyd edib. O bildirib ki, Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar tikilir, təmir-bərpa işləri görülür, ənənəvi dini icmalar dövlətin qayğısı ilə əhatə olunur.

Yubiley mərasimindən öncə isə A. Paşazadə bir sıra görüşlər keçirib. Onlardan biri «Vicdana çağırış» Fondunun prezidenti Artur Şnayerlə olub. Görüşdə müxtəlif mövzular, dinlərarası dialoqa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

QMİ sədri həmçinin BMT baş katibinin müavini Yan Eliasson, YUNESKO-nun baş direktoru İrina Bokova, BMT Sivilizasiyalar Alyansının yuksək nümayəndəsi Naser Əl-Nassir, ABŞ yunan pravoslav kilsəsinin rəhbəri arxiyepiskop Demetrios, eləcə də Finlandiya, İsveç və digər ölkələrin rəsmiləri ilə görüşlər keçirib.

Vatikanın Vaşinqtondakı nümayəndəsi Kardinal Mak Karrik ilə görüş zamanı Şeyxülislam A. Paşazadə Müqəddəs Taxt-Tacla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyəsini qeyd edib. QMİ sədri dinlərarası dialoq sahəsində əlaqələri genişləndirmək məramı ilə Vatikan kardinalı Mak Karriki Azərbaycana səfərə dəvət edib. Azərbaycandakı nümunəvi multikulturalizm və tolerantlıq mühiti haqqında çox eşitdiyini bildirən Kardinal Mak Karrik dəvəti qəbul edib.

İkitərəfli görüşlər çərçivəsində Şeyxülislam A. Paşazadə həmçinin Amerika erməni kilsəsinin başçısı Arxiyepiskop X.Barsamyanla görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə ədalətli həllinin tapılması yönündə dini liderlərin səylərinin əhəmiyyəti və görüşlərin davam etdirilməsi zərurəti vurğulanıb.

Qeyd edək ki, Nyu-Yorkda keçirilən görüşlərdə Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov müşayiət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR