Bakıda köhnə mənzillər ucuzlaşıb

Bakıda köhnə mənzillər ucuzlaşıb
# 11 yanvar 2016 12:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayı üzrə Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 545 ABŞ dolları/kv.m-dən 2,2 % azalaraq 1 511 dollar/kv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1 622 manat/kv.m-dən 1 577 manat/kv.m bəndinə qədər enib.

Bu barədə “APA-Economics”ə Bakının təkrar mənzil bazarını araşdıran “MBA Ltd” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun apardığı araşdırmaya istinadən məlumat verib.

Mənzil bazarında qiymətlərdə müşahidə olunan azalma 2015-ci ilin sonuncu ayında da müşahidə edilib. Alıcıların sayında isə nisbətən artım olduğundan, dekabr ayında mənzil bazarının aktivliyi ötən aya nisbətən 3% artıb.

Ümumilikdə əmlak bazarında gözləmə mövqeyi tutan mənzil satıcılarının sayında dekabr ayında azalma qeydə alınıb ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxarıb. Təkrar mənzil bazarında təklif həcmi 9.9% artıb. Noyabr ayında ümumi təkliflərin sayı 1083 olduğu halda, bu rəqəm sentyabr ayında 1203 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 39,0% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən təkrar mənzillərin sayının böyük həcmdə aşağı düşməsi bazardakı ciddi durğunluqdan xəbər verir.

Ötən aylarda olduğu kimi bu ay da, təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Xətai, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68,4%-ə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1 500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 55,7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1182 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 32%-ni 1500-2000 dollar/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 1722 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 12.3% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2449 dollar/kv.m təşkil edib.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə bütün növ otaqlı mənzillərin sayında artım baş verib. Təklif üzrə ən çox artım 3 və 4 otaqlılar üzrə qeydə alınıb. Təkliflə yanaşı otaqlar üzrə qiymətlər üzrə də dəyişmə baş verib.



Aparılan araşdırmalara əsasən “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq təşkil edib, müvafiq olaraq 16,2%, 15,3 %, 10,6% və 31,6%.

Layihələr üzrə qiymət strukturu:

Ötən ayda layihələr üzrə qiymət azalması daha çox arxitektura, fransız, Minsk və “Xruşşov” layihələrində qeydə alınıb, müvafiq olaraq 11,5%, 6,7%, 8,4% və 6,7%. Layihələr üzrə qiymət artımı isə yalnız italyan və “Stalinka” layihəli mənzillərdə hiss edilib, 2,1% və 2,9%. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 511 dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 57,3%-ə malikdir. Mənzillərin orta sahəsi 75,74 kv.m, orta otaq göstəricisi isə 2,42 təşkil edir. Hər otağın orta satış qiyməti 48 000 dollar, mənzilin orta qiyməti isə 116 200 dolları təşkil edib.

Ay ərzində rayonlar üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun baş verib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:


Sentyabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Nərimanov rayonları olub. Təkrar mənzil bazarında qiymət indeksi noyabr ayı ilə müqayisədə bu ay 0.15 bənd azalaraq 6,72 bəndində qərarlaşıb.


Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektur” layihəli 5 otaqlıda qeydə alınıb. “Sahil” metro stansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4500 dollar təşkil edib. Ən ucuz mənzil isə Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik “italyan” layihəli, 2 otaqlı mənzildə qeydə alınıb, 525 dollar/kv.m.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR