Naxçıvanda QHT-nin ianələri Dövlət Toxum Fondunun vəsaitlərinin formalaşdırılması mənbələrinə daxil edilib

Naxçıvanda QHT-nin ianələri Dövlət Toxum Fondunun vəsaitlərinin formalaşdırılması mənbələrinə daxil edilib
# 21 yanvar 2016 09:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanılması və istifadəsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydalarda istifadə edilən toxum anlayışı sortun təkrar istehsalı üçün bitkilərin generativ (toxum) və vegetativ (çilik, ting, şitil, soğanaq, kök yumruları və s.) orqanı mənasını ifadə edir.

Fonda qanunvericiliyə uyğun olaraq, dövlət reyestrinə daxil edilmiş sortların dövlət standartlarının tələblərinə cavab verən Dövlət Sifarişçisinin elmi-tədqiqat və tədris müəssisələrində, təcrübə təsərrüfatlarında, eləcə də dövlət və özəl toxumçuluq subyektlərində istehsal olunan, habelə idxal edilən orijinal, superelit, elit, 1-ci və 2-ci reproduksiyalı toxumlar tədarük edilir. Tədarük üçün satıcı (malgöndərən) tərəfindən təklif olunan toxumun Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş sortluq və səpin keyfiyyətini təsdiq edən uyğunluq sertifikatı olmalıdır. Fonda 2-ci reproduksiyadan aşağı toxumun tədarük edilməsinə yol verilmir. İdxal edilən toxumun qəbulu üçün gömrük bəyannaməsi, toxumun istehsal edildiyi ölkənin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş uyğunluq, fitosanitar və mənşə sertifikatları, idxal karantin icazəsinin surəti tələb olunur.

Fonda tədarük olunan toxum Dövlət Sifarişçisinin məntəqələrində (anbarlarında) saxlanılır. Dövlət Sifarişçisinin saxlanma məntəqələri (anbarları) çatışmadıqda, həmin məhsul müqavilə əsasında müəyyən edilmiş tələblərə cavab verən hüquqi və fiziki şəxslərə məxsus saxlanma məntəqələrində (anbarlarında) saxlanılır. Fonda tədarük edilən toxumdan kənd təsərrüfatı məhsulları istehsalçılarını kənd təsərrüfatı bitkilərinin yüksək məhsuldar sortlarının toxumları ilə təmin etmək, təbii fəlakətə məruz qalan bölgələrdə bitki toxumlarına olan ehtiyacı ödəmək və daxili bazarda toxum çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadə olunur. Xəstəlik və zərərvericilərin sirayət etməsi nəticəsində Fonda tədarük edilmiş toxumun xarab olma təhlükəsi yarandıqda, həmin toxum yenisi ilə əvəz edilir.

Fondun vəsaiti Fondun fəaliyyətinin təmin edilməsi, habelə yüksək məhsuldar sortların toxumunun istehsalının və tədarükünün həyata keçirilməsi üçün muxtar respublikanın dövlət büdcəsindən ayrılan vəsaitlər, Fondda saxlanılan toxumun istifadəsindən əldə olunan vəsait, dövlət və qeyri-hökumət təşkilatları, habelə hüquqi və fiziki şəxslər tərəfindən könüllü olaraq ödənilən ianələr, qanunvericiliklə müəyyən edilmiş digər mənbələrdən daxilolmalar hesabına formalaşdırılır.

Fondun vəsaitlərinin xərc istiqamətlərinə Fonda toxumun tədarük edilməsi və saxlanılması, işçilərin əməkhaqqının ödənilməsi, Fondun fəaliyyətində iştirak edən işçilərin mükafatlandırılması (Fondun vəsaitinin 5 faizindən çox olmamaq şərtilə), ştatdankənar ekspertlərin və məsləhətçilərin əməyinin ödənilməsi və stimullaşdırılması, Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, işlərin yerinə yetirilməsi üçün tələb olunan texnoloji qurğuların, cihazların, nəqliyyat vasitələrinin və digər avadanlıqların alınması, Fondun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində digər xərclərin ödənilməsi daxildir. Fonda daxil olan vəsaitdən Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-praktiki konfransların və tədbirlərin keçirilməsi, elmi-tədqiqat, təcrübi-metodiki işlərin aparılması, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə istifadə edilə bilər.

Qaydaya əsasən, məntəqələrdə (anbarlarda) toxumun saxlanılmasına və toxum saxlanılan məntəqələrə dair tələblər də təsdiqlənib. Toxumun Fondda saxlanılması bir vegetasiya ili müddətinə nəzərdə tutulur. Səpin üçün hazır olan toxumlar anbar zərərvericilərindən zərərsizləşdirilmiş, nəmlikdən, zibillənmədən və xarab olmadan qorunması mümkün olan döşəməli, arakəsməli anbar, konteyner və silos tipli toxumsaxlayıcılarda saxlanılmalıdır. Toxum anbarda açıq (topa) halda, kisədə (elit və 1-ci reproduksiyalı) və kağız torbalarda (orijinal) saxlanıla bilər. Elit və 1-ci reproduksiyalı toxumların açıq saxlanılmasına icazə verilmir. Toxumları kisədə saxlayan zaman kisələr döşəmədən ən azı 15 sm hündürlükdə olan taxta palitralar üzərində sıra ilə düzülərək, topa halında yığılır. Sıralar divardan ən azı 70 sm məsafədə olmalıdır. Sıranın hündürlüyü dənli, sünbüllü, qarğıdalı və noxud üçün (toxumun nəmliyi 14 %-dən çox olmamaq şərtilə) 15 sıra ola bilər. Silos tipli saxlayıcılarda tığın hündürlüyü 5 m-ə qədər ola bilər. Toxum müvafiq texniki avadanlıqlarla təchiz edilmiş işlək vəziyyətdə olan metal və ya beton konstruksiyalarda (anbarlarda) saxlanılmalıdır. Toxum saxlanılan məntəqənin (anbarın) ətrafı daş divarla və ya digər mühafizə materialları ilə hasarlanmalı, məntəqənin (anbarın), bina və qurğuların işlək hissələri asfaltla və ya beton örtüklə örtülməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR