Rusiyada yaşayan azərbaycanlılar bəyanat yaydılar

Rusiyada yaşayan azərbaycanlılar bəyanat yaydılar
# 18 sentyabr 2015 13:34 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi Rəyasət Heyəti adından yayılan bəyanatda deyilir ki, təşkilat Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması fonunda Avropa Parlamentinin qəbul etdiyi qətnaməni siyasi təxribat hesab edir, bunu yalan, böhtan və qərəzli münasibət kimi qiymətləndirir.

Bəyanat müəllifləri dünyanın Ermənistan tərəfindən etnik təmizləmə siyasəti nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş bir milyondan çox azərbaycanlının taleyinə və əzabına biganə qaldığını xatırladaraq vurğulayır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonun işğalı hələ də davam edir. Müraciətdə həmçinin bildirilir ki, beynəlxalq vasitəçilərin işğal edilmiş torpaqların azad edilməsinə dair çağırışlarını İrəvanın rədd etməsi davamlı ola bilməz, sözdən işə keçməyin vaxtı gəlib çatıb. Bəyanatda vurğulanır ki, Azərbaycan müstəqil və suveren dövlətdir, heç bir suveren dövlət özünə münasibətdə diktə və siyasi təzyiq fomasını qəbul edə bilməz: “Biz dəyərlər haqqında danışan Avropa Parlamentinə qitənin daha vacib problemləri ilə, o cümlədən, milli ayrıseçkilik, ksenofobiya, şovinizm, islamofobiya, radikalizm, ekstremizm və miqrantlara qarşı qeyri-insani münasibətin yoluna qoyulması kimi məsələlərlə məşğul olmağı tövsiyə edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR