Hesablama Palatası valideynlərini itirmiş uşaqların ali məktəblərdə təhsil haqları ödəməsi sahəsində problem üzə çıxarıb

Hesablama Palatası valideynlərini itirmiş uşaqların ali məktəblərdə təhsil haqları ödəməsi sahəsində problem üzə çıxarıb
# 13 aprel 2016 13:52 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Qanunvericilikdəki boşluq valideynlərini itirmiş uşaqların ödənişli əsaslarla təhsil aldıqları ali məktəblərdə təhsil haqlarının ödənilməsi sahəsində anlaşılmazlığa yol açıb. APA-nın məlumatına görə, bu, Hesablama Palatasının araşdırmaları zamanı üzə çıxıb.

Bununla bağlı Hesablama Palatasının Nazirlər Kabinetinə təqdim etdiyi təklifdə qeyd edilib ki, ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə, onların arasından olan şəxslərin təhsil haqlarının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” qanun və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun ilə tənzimlənir. Lakin göstərilən qanunlar arasında, habelə, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanununun bəndləri arasında müəyyən fərqlər mövcuddur. Belə ki, “Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsində və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci abzasında eyni mətnlə aşağıdakı müddəa qeyd olunub: “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə, onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Eyni zamanda, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci “Əsas anlayışlar” maddəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər dedikdə “18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta peşə-ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslər” nəzərdə tutulur. Audit tədbirləri nəticəsində müəyyən edilib ki, ali təhsil müəssisələrində ödənişli əsaslarla qiyabi təhsil alan və ödənişli əsaslarla əyani təhsil alan, yaşı 23-dən çox olan tələbələr də təhsil haqqından azad edilmələri ilə əlaqədar təhsil müəssisələri qarşısında məsələ qaldırırlar. Qeyd olunan qanunlarda eyni mövqeyə fərqli yanaşma vətəndaşlarla təhsil müəssisələri arasında müəyyən problemlər yaradır. Bunları nəzərə alaraq, Hesablama Palatası həmin normativ-hüquqi sənədlər arasındakı müvafiq fərqlərin aradan qaldırılması məsələsinə baxılmasını tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR