Azərbaycan prezidenti əməkdar memar Şamil Fətullayevin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan prezidenti əməkdar memar Şamil Fətullayevin vəfatı ilə əlaqədar başsağlığı verib
# 10 mart 2015 16:09 (UTC +04:00)

APA-nın məlumatına görə, imzalanmış nekroloqda deyilir:

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli memarlıq tarixçisi, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayev 2015-ci il martın 10-da ömrünün 87-ci ilində vəfat edib.


Ş. Fətullayev 1928-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb, 1956–1959-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda aspiranturada oxuyub.


Əmək fəaliyyətinə 1954-cü ildə Bakı Dövlət Layihə İnstitutunda başlayan Ş. Fətullayev 1956-cı ildən etibarən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, burada aspirantura təhsilini başa vurduqdan sonra 1988-ci ilədək Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri, 1988–1993-cü illərdə isə direktor vəzifələrində çalışıb. O, 1993-cü ildən ömrünün sonunadək həmin İnstitutda memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsinin müdiri olub.


Ş. Fətullayev 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb. O, 1989-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.


Akademik Ş. Fətullayev Azərbaycanda memarlıq tarixi və nəzəriyyəsi, eləcə də milli memarlıq abidələrinin bərpası sahəsində mühüm xidmətlər göstərmiş görkəmli elm xadimlərindəndir. Yarım əsrdən artıq bir müddəti əhatə edən elmi fəaliyyəti ərzində o, Azərbaycan memarlıq tarixinin müxtəlif mərhələlərini araşdıraraq milli memarlığın ayrı-ayrı dövrləri ilə bağlı sanballı əsərlər meydana gətirib. Alimin diqqət mərkəzində XIX əsrin sonu – XX əsrin əvvəllərində memarlıq-planlaşdırma quruluşunda ciddi dəyişikliklərin əmələ gəldiyi Azərbaycan şəhərlərinin tədqiqi dayanıb, Bakı şəhərinin memarlıq tarixi isə bir neçə kitabının başlıca mövzusunu təşkil edib. Azərbaycan memarlığı və şəhərsalma tarixinin araşdırılması istiqamətində əldə etdiyi nailiyyətləri ilə alim dövlət qoruğu kimi təsdiq olunmuş neçə-neçə memarlıq abidəsinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayıb.


Ş. Fətullayev əsas memarlıq üslubları və milli memarlıq ənənələrinə aid 100-dən artıq araşdırmanın və 9 monoqrafiyanın müəllifidir. Alimin “Bakının memarlıq ensiklopediyası” və bir sıra digər fundamental əsərləri xarici dillərə tərcümə edilərək nüfuzlu elm nəşriyyatlarında işıq üzü görmüş və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Mötəbər beynəlxalq simpozium və konfranslarda memarlıq və şəhərsalmanın aktual problemlərinə dair dolğun məruzələri ilə Azərbaycan elmini o, həmişə layiqincə təmsil edib.


Məhsuldar elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması üçün də zəngin bilik və bacarığını əsirgəməyən Ş. Fətullayevin rəhbərliyi altında memarlıq üzrə çox sayda fəlsəfə doktoru və elmlər doktorları yetişdirilib.


Akademik Ş. Fətullayevin çoxillik səmərəli elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Görkəmli alim, təvazökar və səmimi insan Ş. Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.


Allah rəhmət eləsin!


İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Akif Əlizadə
Əbülfəs Qarayev
Abbas Ələsgərov
Ömər Eldarov
Rasim Əliyev
Elbay Qasımzadə
Gülçöhrə Məmmədova
Ərtəkin Salamzadə
Nazim Hacıbəyov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR