Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə idman yarışları keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə idman yarışları keçirilir
# 13 aprel 2015 08:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında mini-futbol və şahmat turnirlərinə başlanılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Econmics”ə verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, ölkəmizdə makroiqtisadi sabitlik və inkişafa nail olunması yönündə mühüm tarixi xidmətlərindən, habelə əhalinin sosial müdafiəsinə diqqət və qayğısından söz açılıb.

Qeyd olunub ki, sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan eyni zamanda yoxsulluğun və işsizliyin ən aşağı səviyyəsi ilə seçilən, sosial rifah göstəriciləri daim artan ölkələrdən biridir.

Tədbirdə Heydər Əliyevin müdrik siyasi kursunda Azərbaycan idmanının inkişafının da daim mühüm yer tutduğu vurğulanıb, prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətdən, Azərbaycanın əldə etdiyi idman uğurlarından bəhs olunub. I Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsinin ölkəmizə beynəlxalq səviyyədə yüksək inam və etimadın təzahürü olduğu bildirilib.

Ümummilli liderin doğum günü ərəfəsində ƏƏSMN-nin struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında bu idman turnirlərinin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təbliğinə yönəldiyi qeyd edilib.

İdman turnirlərinin qalibləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyən olunacaq və qalib komandalara kubok və medallar təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR