V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
# 17 dekabr 2019 17:40 (UTC +04:00)

Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə V Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov bildirib ki, hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif fəaliyyət göstərir. Ümumilikdə 4000-ə yaxın şagird sözügedən siniflərdə təhsilini davam etdirir. Aparat rəhbəri qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.

Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib.

Tədbirdə həmçinin nailiyyətləri ilə seçilən 25 ümumi təhsil müəssisəsinin rəhbərliyi də təltif olunub.

Qeyd edək ki, V Respublika fənn müsabiqələri riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə VI-VII sinif şagirdləri arasında iki mərhələdə keçirilib. Müsabiqələrin rayon (şəhər) mərhələsində 22 mindən çox, final mərhələsində isə 5 minə yaxın şagird iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 151 nəfər qalib elan olunub. Onlardan 25 nəfər qızıl, 50 nəfər gümüş, 76 nəfər isə bürünc medal qazanıb. 261 nəfər şagirdə isə yüksək nəticə göstərdiklərinə görə həvəsləndirici sertifikat təqdim olunub. Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR