Türkiyəli millət vəkili: “Münasibətlərimizin gələcəyini Avropa ilə Ermənistan düşünsün, Türkiyə isə heç nə itirmədən yoluna davam edəcək”

Türkiyəli millət vəkili: “Münasibətlərimizin gələcəyini Avropa ilə Ermənistan düşünsün, Türkiyə isə heç nə itirmədən yoluna davam edəcək”
# 16 aprel 2015 16:48 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının parlament qrupu sədrinin müavini, “erməni soyqırımı” iddialarına qarşı dünya miqyasında mübarizə aparan tarixçi-professor Yusif Halaçoğlu deyib.

“Avropa Parlamentinin 15 aprel qərarının hüquqi əsası yoxdur. Bu, siyasi qərardır. Ona görə də Türkiyə bu qərarı tamamilə rədd edir və edəcək. Türkiyə Böyük Millət Məclisi də bununla bağlı birgə bəyannamə qəbul edib”.

Səsvermədən bir neçə gün öncə avropalı parlamentarilərə indiyədək heç yerdə görmədikləri sənədləri göstərdiyini deyən millət vəkili onlara 1915-ci il hadisələrinin “soyqırım” olmadığını ətraflı şəkildə izah etdiyini bildirib: “Ancaq onlar dediklərimi anlamadılar, anladıqlarını isə qulaqardına vurdular. Avropa Parlamenti bu qərarla sanki Ermənistanı balaca uşaq kimi sevindirdiyini düşünür. Amma həqiqət bundan ibarətdir ki, Avropa Parlamenti bu qərarla ən böyük zərbəni Ermənistana vurub. Bundan sonra Türkiyə ilə Ermənistan arasındakı bütün müzakirə qapıları qapanıb. Türkiyə bundan sonra Ermənistanla heç bir masa arxasında oturmaz, heç nəyi müzakirə edə bilməz”.

Y. Halaçoğlu qeyd edib ki, Avropa Parlamenti bu qərarı ilə 77 milyonluq Türkiyəyə qarşı siyasi nöqteyi-nəzərdən ağır ittiham irəli sürüb: “Buraya türk dünyası da əlavə edilsə, Avropa Parlamentinin 200 milyon insanı özündən narazı saldığını görmüş olacağıq. Qərarın qəbulundan sonra Avropa Parlamentinin bəzi millət vəkilləri bizə dedilər ki, bu, siyasi qərardır, ona görə bundan narahat olmayın. Ancaq o sözlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Münasibətlərimizin gələcəyini Avropa ilə Ermənistan düşünsün. Türkiyə heç nə itirmədən yoluna davam edəcək. Azərbaycanlı qardaşlarımı bundan sonra bir-birimizə daha sıx sarılmağa çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR