Opera və Balet Teatrında "Don Kixot" baleti nümayiş olunacaq

Opera və Balet Teatrında "Don Kixot" baleti nümayiş olunacaq
# 24 yanvar 2017 15:35 (UTC +04:00)

Yanvarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin dəyərli nümunələrindən biri sayılan "Don Kixot" baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, L.Minkusun 1877-ci ildə qələmə aldığı balet parlaq musiqisi və xoreoqrafiyası ilə baletsevərlər tərəfindən böyük maraqla qarşılanır.

"Don Kixot" 1973-cü ildən bəri fasiləsiz olaraq Azərbaycan Opera və Balet Teatrının repertuarında yer tutur.

Yanvarın 28-də keçiriləcək tamaşada baş rolları belaruslu balet ustaları oynayacaq. Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti Aleksandra Çijik Kitri, digər solist Konstantin Qeronik isə Bazil rolunda çıxış edəcəklər.

Qastrolçularla yanaşı, tamaşada balet truppasının solistləri - xalq artisti Gülağası Mirzəyev, əməkdar artistlər Alsu Qimadiyeva, Tamilla Məmmədzadə, Samir Səmədov, solistlərdən Cəmilə Kərimova, Ayan Eyvazova, Timur Oduşev və başqalarının da çıxışları nəzərdə tutulub.

Tamaşanı Əyyub Quliyev idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR