Pedaqoji Universitetin filologiya fakültəsində “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə görüş keçirilib

Pedaqoji Universitetin filologiya fakültəsində “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəslə görüş keçirilib
# 04 mart 2015 15:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin tələbələri ilə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsin görüşü keçirilib.

Fakültənin dekanı, filologiya elmləri doktoru Buludxan Xəlilovun APA-ya verdiyi məlumata görə, görüşün keçirilməsində məqsəd fakültənin tələbələri ilə “Ulduz” jurnalı arasında olan yaradıcı münasibəti daha yaxından qurmaqdır: “Görüşün formatı ənənəvi görüşlərdən fərqli oldu. Bir neçə ay əvvəl tələbələrimizə elan etmişdik ki, “Ulduz” jurnalının rəhbərliyi ilə görüş keçiriləcək və siz jurnalın bir neçə sayını nəzərdən keçirin, görün sizi qane edən və etməyən tərəfləri hansılardır. Gənclik bu iki saat yarımlıq görüşdən müsbət enerji ilə ayrıldı. Görüşdən sonra tələbələr jurnalda çap olunmaq üçün həvəs və maraq göstərdilər. “Ulduz” bu gün ədəbi mühiti özündə ehtiva edən jurnaldır. Mən Qulu Ağsəsə təşəkkür edirəm ki, bu görüşdə iştirak etdi, tələbələrin suallarını cavablandırdı və onları yaxından əməkdaşlığa dəvət etdi. Bu tipli görüşləri biz gələcəkdə də davam etdirəcəyik”.

B. Xəlilov əlavə edib ki, jurnalın baş redaktoru tələbələrin iki ay müddətində jurnala ödənişsiz abunə olmasını təklif edib: “Yaxşı oxuyan tələbələrdən on-on beş nəfəri jurnala abunə olacaq və hesab edirəm ki, bu təklif gənclərə stimul vermək üçün böyük rol oynayacaq. Qeyd etmək istəyirəm ki, Qulu Ağsəsin tələbələrlə görüşə önəm verməsini, diqqət göstərməsini mən alqışlayıram. Bizə qədər Bakı Dövlət Universitetində bu cür görüş keçirilib. Deməli, görüşlər artıq ənənə halını alıb. İnanıram ki, canlı ünsiyyət, bu cür səmərəli görüşlər bundan sonra da davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR