Sərhəd zastavasında “Valideyn günləri” keçirilib

Sərhəd zastavasında “Valideyn günləri” keçirilib
# 16 mart 2015 13:17 (UTC +04:00)

Bakı-APA. Mart ayının 15-də Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində yerləşən, şəhid, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Tahir Bədəlovun adını daşıyan sərhəd zastavasında «Valideyn günləri» keçirilib.

APA-nın Dövlət Sərhəd Xidmətinin saytına istinadən verdiyi məlumata görə, sərhəd dəstəsi rəhbərliyinin və sərhəd zastavasında xidmət edən əsgərlərin valideynlərinin iştirakı ilə keçirilən tədbirdə öncə qonaqlara hərbi hissə və sərhəd zastavası barədə ümumi məlumatlar verilib.

Valideynlərlə əsgərlərin şəxsi görüşləri keçirildikdən sonra qonaqlar sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində çıxış edən Horadiz sərhəd dəstəsinin rəisi, polkovnik-leytenant İlham Babayev keçirilən tədbirin məqsədi, Azərbaycan sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısı, əldə olunmuş uğurlar barədə məlumat verib.

Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraitindən razı qaldıqlarını bildirib, əsgərlərə öz tövsiyələrini veriblər.

Daha sonra dövlət sərhədinin mühafizəsinin təşkilində valideynlərin və hərbi kollektivin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb. Övladlarının xidmətləri ilə bağlı valideynlərin rəy, təklif və iradları dinlənildikdən sonra xidmətdə fərqlənmiş hərbi qulluqçulara «Xidmətdə fərqlənmiş sərhədçi» döş nişanları, fəxri fərmanlar, qiymətli hədiyyələr, valideynlərə «Təşəkkür məktubları» təqdim edilib. Birgə nahardan sonra tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Zabitlər evinin «Sərhədçi» vokal-instrumental ansamblının hazırladığı konsert proqramına baxıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR