Kosmik texnologiyalar sahəsində startap ideyalar üzrə beynəlxalq müsabiqə keçiriləcək

Kosmik texnologiyalar sahəsində startap ideyalar üzrə beynəlxalq müsabiqə keçiriləcək
# 24 may 2018 14:17 (UTC +04:00)

Azərbaycan-Fransız Universitetində (UFAZ) kosmik texnologiyalar sahəsində startap ideyalar üzrə beynəlxalq müsabiqə keçiriləcək.

APA-nın xəbərinə görə, müsabiqə ilə bağlı bu gün UFAZ-da təşkil edilmiş mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, “Bakcell”in icraçı direktoru Nikolai Bekers, “IT Step Academy”nin direktoru Aleksey Sleptsov, “Aikon Construction”ın maliyyə direktoru Nadir Əliyev, UFAZ-ın rektoru Vazeh Əsgərov iştirak ediblər.

Səfir A. Buşez bildirib ki, 25-26 may tarixlərində CNES, ESA və “ESA BIC Sud France” təşkilatlarının birbaşa iştirakı ilə kosmik proqramlara həsr edilmiş beynəlxalq nüfuza malik olan “ActInSpace” müsabiqəsi təşkil olunacaq. Səfir deyib ki, “ActInSpace” müsabiqəsi ideya olaraq ilk dəfə 2014-cü ilin may ayında CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi) tərəfindən irəli sürülüb: "Kosmik sektorun dinamik inkişaf imicini möhkəmləndirmək və kosmik texnologiyaların gündəlik həyatımızın bütün sahələrində necə tətbiq edildiyini göstərmək məqsədi daşıyan “ActInSpace” bu ildən Hakaton və startap həftəsi ərəfəsində eyni zamanda dünyanın beş qitəsinin 40 ölkəsində və 70 şəhərində keçiriləcək".

Diplomat qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq “ActİnSpace” yarışmasına Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti ev sahibliyi edəcək: “Bakının müxtəlif universitetlərindən (ADNSU, ADA Universiteti, BANM (Bakı Ali Neft Məktəbi), Milli Aviasiya Akademiyası və s.) və UFAZ tələbələrindən ümumilikdə 105 tələbə artıq bu unikal yarışmada iştirak edəcək. Qalib komanda iyunun 27-si Azərbaycanı beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə göndəriləcək".

"IT Step Academy"nin baş direktoru Aleksey Sleptsov UFAZ tərəfindən bu müsabiqədə iştirakla bağlı onlara təklif gələndə məmnuniyyətlə qəbul ediblər: "Ümid edirəm ki, sabah kosmik sahədə təqdim etdiyi ideya və layihələr vasitəsilə milyarder olan kimisə görə biləcəyik. Texnoloji inkişaf gənclərin aktivliyi olmadan mümkünsüzdür".

"Bakcell"in baş icraçı direktoru Nikolai Beckers öz növbəsində müsabiqənin əhəmiyyətini vurğulayaraq Azərbaycan komandasına uğurlar arzulayıb.

“Aikon Construction”ın maliyyə direktoru Nadir Əliyev də bu günün gənclərinin çox böyük imkanlara sahib olduqlarını vurğulayıb və əlavə edib ki, “Aikon Construction” təşkilatı da müsabiqəyə bütün dəstəyini göstərəcək: "Azərbaycanın bu müsabiqədə layiqli yer tutacağına çox ümid edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR