Ötən il Azərbaycanın dövlət qurumları tərəfindən 10 minə yaxın satınalma həyata keçirilib

Ötən il Azərbaycanın dövlət qurumları tərəfindən 10 minə yaxın satınalma həyata keçirilib
# 11 mart 2015 09:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü il ərzində Azərbaycanda dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 9 549 satınalma həyata keçirilib.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.

Təqdim olunan yekun protokollarına əsasən, bağlanan satınalma müqavilələrinin qiyməti 1 304,1 mln. manat təşkil edib və satınalma predmetinin ehtimal olunan qiymətinin (1 363,5 mln. manat) 59,5 mln. manatına və ya 4,36%-nə qənaət edilib. Qənaətin 49,7 mln. manatı və ya 83,7%-i tender üsulu ilə keçirilən satınalmalarda, 9,7 mln. manatı və ya 16,3%-i kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.

Qeyd edək ki, kotirovka sorğusu üsulu ilə 8278 (ümumi sayın 86,7%-i) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 175,8 mln. manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (1 304,1 mln. manat) cəmi 13,5%-ni təşkil edib.

Dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 8 298 müsabiqə keçirilib. Satınalma prosedurlarında tender predmetinin ehtimal olunan qiyməti 1 263,6 mln. manat və bağlanan satınalma müqavilələrinin qiyməti 1 212,1 mln. manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 51,5 mln. manatına və ya 4,1%-nə qənaət olunub. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 1 108,9 mln. manat, qənaət 43,3 mln. manat və ya 3,9%, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 154,7 mln. manat, qənaət isə 8,2 mln. manat və ya 5,3% təşkil edib.

Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 13 satınalma üzrə müsabiqə həyata keçirilib. Satınalma predmetləri üzrə ayrılmış 276,8 min manat məbləğində vəsaitin 15,7 min manatına və ya 5,7%-nə qənaət olunub.

Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 1 238 satınalma müsabiqəsi həyata keçirilib. Satınalma predmetlərinin 99,7 mln. manat məbləğində ehtimal olunan qiymətinin 7 893,4 min manatına və ya 7,9%-nə qənaət edilib.

Dövlət satınalmaları üzrə keçirilmiş müsabiqələrin nəticələri haqqında yekun protokolların təhlili nəticəsində aşkar olunan nöqsanlar barədə satınalan təşkilatlara 150 məktub göndərilib, məktublarda nöqsanların aradan qaldırılmasına dair tövsiyələr, satınalma prosedurlarının təşkili və keçirilməsinə dair geniş izahatlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR