Azərbaycanda yeni istehsal olunan gübrələr Kürdəmirdə sınaqdan keçirilib

Azərbaycanda yeni istehsal olunan gübrələr Kürdəmirdə sınaqdan keçirilib
# 17 avqust 2017 15:55 (UTC +04:00)

Azərbaycanda istehsal olunan gübrələrin ilk olaraq Kürdəmir rayonunda sınağı keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının AMEA-nın Neft - Kimya Prosesləri İnstitutu ilə imzaladığı anlaşma memorandumuna əsasən, ölkədə yüksək keyfiyyətli yerli gübrələr istehsal olunaraq narçılıq təsərrüfatında tətbiq olunub.

Bu münasibətlə keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov assosiasiyanın üzviləri, şirkət və fərdi nar təsərrüfatı sahibləri iştirak edib.

V. Abbasov yeni istehsal olunan gübrələrin tərkibinin kənd təsərrüfatı məhsullarının inkişafı üçün daha effektli olacağını bildirib. Qeyd edib ki, bu gübrələr nar tinglərinin, həm də narın meyvəsinin inkişafı üçün daha faydalıdır. Yeni gübrələrin digər gübrələrdən üstünlüyü əkin sahələrini şoranlaşdırmaması, əlavə ziyan gətirməməsi və torpaqdan bitkiyə tam mənimsənilməsidir: “Biz kompleks gübrələri maye şəklində istehsalçının tələbinə uyğun olaraq tam şəkildə hazırlaya bilərik. Artıq 20 ton bu növ gübrələr istehsal etmişik. Hesab edirik ki, yeni istehsal olunan gübrələr ölkədə narçılıqla yanaşı digər kənd təsərrüfatı sahələrinin inkişafına çox böyük töhfə verə bilər”.

Digər iştirakçılar çıxışlarında yerli məhsulların istehsalının vacibliyini vurğulayıblar.

Yeni istehsal olunan gübrələrin nəinki ölkədə kənd təsərrüfatının inkişafında geniş istifadə olunacağı, hətta xarici ölkələrə satışının da nəzərdə tutulduğu qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR