Xoşbəxt Yusifzadəyə ADNSU-nun fəxri professoru adı verilib

Xoşbəxt Yusifzadəyə ADNSU-nun fəxri professoru adı verilib
# 03 noyabr 2016 08:39 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadəyə təhsil ocağının fəxri professoru adının verilməsi ilə bağlı tədbir keçirilib.


"APA-Economics"in məlumatına görə, tədbirdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı SOCAR-la əməkdaşlığı genişləndirəcək: "Biz müəyyən layihələr həyata keçirmək niyyətindəyik. Bunun üçün universitet istehsalatla əlaqələr qurur. Əgər sənaye ilə universitetin bağlılığı yoxdursa, demək universitetin gələcəyi olmayacaq. Əsas məqsəd universitetdə təhsilin keyfiyyətinin artırılması hesabına tələbələrin sayının artmasına nail olmaqdır. Biz SOCAR-la əlaqələrimizi daha da genişləndirəcəyik. Bu gün universiteti bitirən tələbələr üçün iş tapmaq çox çətindir. İş tapmaq məsələsi hələ də müəyyən suallar yaratmaqdadır. Ancaq biz yenə də çalışırıq ki, universitetdə keyfiyyətli təhsil verməklə, daha yüksək keyfiyyətli mütəxəssislər yetişdirək".

Hazırda ADNSU-da 10 min tələbənin təhsil aldığını deyən rektorun sözlərinə görə, son illərdə onların sayı 2 min nəfər artıb.

Sonra M. Babanlı X. Yusifzadənin fəxri professoru adı ilə təltif edib.

Ardınca tələbələrə Xoşbəxt Yusifzadə adına təqaüdün təqdim edilməsi mərasimi baş. tutub. Təqaüdü tələbələrə SOCAR-ın birinci vitse-prezidenti şəxsən təqdim edib.

Tələbələr qarşısında çıxış edə X. Yusifzadə Azərbaycanın neft sənayesindən geniş danışıb. Vitse-prezident bildirib ki, "Azəri-Çiraq-Günəşli" yataqlar blokundan bu günə qədər 412 mln. ton neft hasil edilib ki, bunun da 229 mln. tonu mənfəət neftidir. Onun sözlərinə görə, Azərbaycan əsas ixrac kəməri ilə 440 mln. ton neft nəql edib ki, bunun da 310 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarlarına göndərilib.

X. Yusifzadə əlavə edib ki, hazırda "Şahdəniz" yatağından 76 mlrd. kubmetr qaz, 6 mln. ton kondensat hasil edilib: "Bu yataqdan gündəlik olaraq 28-29 mln. kubmetr qaz hasil edilir".

Sonda X. Yusifzadə tələbələrə uğurlar arzulayıb, onlara neftçi adını ləyaqətlə, şərəflə daşımağı və neftçi peşəsini davam etdirməyə məsləhət görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR