Bakı. Cavid Zeynallı – APA. “28 Cinema”da Çanaqqala savaşından bəhs edən “Son məktub” filminə həsr olunmuş mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, mətbuat konfransında filmin baş rol ifaçısı, Azərbaycan əsilli türkiyəli aktrisa Nəsrin Cavadzadənin iştirak edəcəyi bildirilsə də, aktrisa tədbirə qatılmayıb.
Jurnalistlərin suallarına cavabında filmin rejissoru Özhan Eren bildirib ki, ekran əsərinin Bakıda keçirilən qala gecəsində iştirak etməsindən məmnundur: “Filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktubun əsasında hazırlanıb. Növbəti aylarda “Son məktub”un Avstraliya və Amerikada qala gecələrini planlaşdırırıq. İnanıram ki, ekran əsəri azərbaycanlı tamaşaçıların zövqünü oxşayacaq”.
Mətbuat konfransında çıxış edən Azərbaycandakı səfirliyinin və Yunus Əmrə İnstitutunun Bakı-Türk Mədəniyyət Mərkəzinin əməkdaşları təmsil etdikləri qurumların filmin təqdim olunması ilə bağlı rolundan danışıblar.
Qeyd edək ki, filmdə baş rolları Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal və Bülent Şakrak canlandırıblar.