Avqust üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatıb

Avqust üzrə əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatıb
# 26 avqust 2014 09:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi avqust ayının 21-i tarixinə tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.


Ümumilikdə bu ilin 7 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 7 ay ərzində Fondun gəlirləri 1 660 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,2% və ya 125,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 975,7 mln. manata çatıb. Bu daxilolmaların 63,7%-i və ya 622 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6% və ya 69,7 mln. manat çoxdur.

2014-cü ilin 7 ayı ərzində Fondun xərcləri 1 658,8 mln. manat olub və bunun 98,2%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.


2006-cı ilin yanvarın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, hazırda bu rəqəm 172,2 manata çatıb.


2014-cü ilin iyulun 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1%-i yaşa görə, 28,1%-i əlilliyə görə, 10,8%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR