Azərbaycan nümayəndə heyəti ABŞ-ın Omaha və Linkoln şəhərlərində bir sıra görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti ABŞ-ın Omaha və Linkoln şəhərlərində bir sıra görüşlər keçirib
# 13 noyabr 2014 09:16 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Azərbaycanın aparıcı media qurumlarının, Mərkəzi Seçki Komissiyası və vətəndaş cəmiyyətinin təmsilçilərindən ibarət nümayəndə heyəti Açıq Dünya Proqramı çərçivəsində ABŞ-ın Nebraska ştatının Omaha və Linkoln şəhərlərində bir sıra görüşlər keçirib.


APA-nın məlumatına görə, proqram iştirakçıları əsasən Nebraska ştatında seçkilərə hazırlıq, seçki təşviqat kampaniyası və seçkilərin keçirilməsi prosesi barədə geniş məlumatlandırılıblar.

Nebraska Universitetində proqram iştirakçıları universitetin hökumət əlaqələri üzrə direktoru və vitse-prezidenti Ron Vitzem ilə görüş keçiriblər. Görüşdə proqram iştirakçılarına universitet sistemi barədə geniş məlumat verilib.


Nebraska ştatının qanunvericilik sistemi barədə söz açan R. Vitzem bildirib ki, Nebraska ştatının qanunvericilik sistemi bir palatadan ibarətdir. O həmçinin Nebraska Universitetinin tibb mərkəzi barəsində danışıb. R. Vitzemin sözlərinə görə, bu yaxınlarda “Ebola” virusuna yoluxmuş iki ABŞ vətəndaşı bu mərkəzdə müalicə alaraq sağalıb.

Daha sonra nümayəndə heyəti "Lincoln Journal Star" qəzetində olub. Proqram iştirakçıları siyasi məsələlər üzrə jurnalist Don Valton və seçkilər üzrə redaktor Şelli Kulaneklə görüş keçiriblər.


Görüşdə vurğulanıb ki, jurnalistlər və ya seçicilər hər hansı pozuntuya rast gəlsələr, bu barədə hökumətə məlumat verilir və hökumət məsələni dərhal araşdıraraq lazımi tədbirlər görür.


Daha sonra nümayəndə heyəti Nebraska Ştatının senatoru Bill Everi ilə görüşüb. B. Everi bildirib ki, Nebraska ştatının bir palatadan ibarət çox unikal qanunvericilik sistemi mövcuddur. Seçkilər barədə danışan senator seçicilərin namizədlər haqqında kifayət qədər məlumatlı olmasına böyük önəm verdiyini qeyd edib: "Hesab edirəm ki, namizədlər haqqında məlumat ictimaiyyətə hər zaman açıq olmalıdır".

Görüşdən sonra proqram iştirakçıları Linkoln şəhərində yerləşən Kapitoliy binası ilə yaxından tanış olublar, onlara binanın tarixi barədə geniş məlumat verilib.

Proqram iştirakçıları həmçinin Nebraskanın Respublikaçılar və Demokratlar partiyalarının qərargahlarında olublar və hər iki partiyanın icraçı direktorları ilə görüşüblər. Nümayəndə heyəti Nebraska ştatının seçkilər üzrə dövlət katibi Nil Eriksonla ştatın seçki qanunvericiliyi barədə geniş müzakirələr aparıblar.

Daha sonra nümayəndə heyəti Qellap İnstitutunda, “Omaha World Herald” qəzetində və Qadın Seçiciləri Liqasında görüşlər keçirib. Görüşlərdə seçki prosesi ilə bağlı problemlər müzakirə edilib.


Azərbaycan nümayəndə heyətinin üzvləri Nebraska ştatının fəxri vətəndaşı sertifikatı ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR