Bakı-APA. Əlcəzair hakimiyyəti ötən həftə qəddarcasına edam olunmuş Fransa vətəndaşını oğurlayan şəxslərdən bir neçəsinin kimliyini müəyyənləşdirə bilib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb. Məlumata əsasən, müvafiq açıqlamanı Əlcəzairin Ədliyyə Nazirliyi tərəfindən verilib.
Qeyd edək ki, fransız turist sentyabrın 20-də Əlcəzairin Tizi Uzu şəhəri yaxınlığında “Əl Qaidə” ilə əlaqəli qruplaşmanın üzvləri tərəfindən girov götürülüb. 55 yaşlı Erve Qurdelin edam səhnəsini əks etdirən video görüntü onun qaçırılmasından 3 gün sonra yayılıb. Video çarx “Fransa hökumətinə qanlı məktub” adlandırılıb.