Böyük Britaniya baş nazirinin elçisi BANM-də olub - FOTOSESSİYA

Böyük Britaniya baş nazirinin elçisi BANM-də olub - <span style="color: red;">FOTOSESSİYA
# 04 dekabr 2014 08:08 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbi (BANM) və ABB şirkəti arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

Məktəbdən APA-ya verilən xəbərə görə, tədbiri açan BANM-in rektoru Elmar Qasımov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edib.

Azərbaycanın dünyada sənaye üsulu ilə ilk neft çıxaran ölkə olduğunu vurğulayan E.Qasımov neft-qaz və kimya sənayesinin ölkə iqtisadiyyatının inkişafında əsas rol oynadığını və bu sahədə mütəxəssislərin hazırlanmasının ARDNŞ-ın fəaliyyətinin inkişafında vacib istiqamət olduğunu qonaqların nəzərinə çatdırıb. ARDNŞ-ın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan rektor BANM-nin əsas məqsədinin Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir ingilis dilli yüksək ixtisaslı kadrların məhz öz ölkəmizdə yetişdirilməsi olduğunu bildirib. Rektor həmçinin qonaqlara ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları, perspektivləri və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlığı haqqında ətraflı məlumat verib. Bundan başqa, hazırda tikilməkdə olan BANM-nin ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirən rektor bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Üçillik fəaliyyətinə baxmayaraq, Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yer tutan BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov “ABB şirkətinin yerli infrastrukturun inkişafına təsiri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda qeyd olunub ki, 1883-cü ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145 min nəfərdən artıq işçiyə sahibdir. R.Qasımov şirkətin başlıca olaraq 5 əsas istiqamət üzrə məhsul (elektrik cihazları, elektrik sistemləri, mühərriklər və enerji ötürücüləri, minimal gərginlikli məhsullar, proseslərin avtomatlaşdırılması avadanlıqları) və xidmətlər təklif etdiyini qeyd edib.

Tədbirdə iştirak edən Böyük Britaniya parlamentinin üzvü və baş nazirin Qazaxıstan, Azərbaycan və Türkmənistan regionunda ticarət məsələləri üzrə elçisi Çarlz Hendri professor-müəllim heyəti və tələbələr qarşısında çıxış etdi. O BANM-də olmasından məmnunluğunu dilə gətirib. Ç.Hendri Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin inkişafından danışaraq iki ölkə arasında nəinki energetika və humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb. Sonra C.Hendri tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Tədbir çərçivəsində BANM-nin rektoru E.Qasımov Ç.Hendrini ali məktəbin “Fəxri qonaq” diplomu ilə təltif edib.

Tədbirdə iştirak edən Heriot-Vatt Universitetinin Mühəndislik və Təbiət elmləri fakültəsinin dekanı Prof. Stefen Makloxlin BANM və Heriot-Vatt Universiteti arasında əməkdaşlıqdan söz açıb və bu iki ali təhsil ocağı arasında əlaqələrin dinamik inkişafından danışıb. O, təmsil etdiyi ali məktəblə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirib. Sonra BANM ilə ABB şirkəti arasında əməkdaşlıq haqqında çemorandum imzalanıb.

Tədbirdə həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq, İsveçrə Konfederasiyasının səfiri Paskal Abişer, hər iki səfirliyin nümayəndələri və şirkət təmsilçiləri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR