Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş ktaibi Yuri Xaçaturovun geri çağırılması proseduru ilə bağlı bəyanat yayıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş ktaibi Yuri Xaçaturov geri çağırılması ilə bağlı proseduru izah edib.
S. Lavrov nəzərə çatdırıb ki, prosedura əsasən, məhz Ermənistan öz vətəndaşını KTMT baş katibi postundan geri çağırmalıdır.
Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun əvəz edilməsinin zəruri olması barədə bəyanat yayıb.
Xatırladaq ki, Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da KTMT baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Y. Xaçaturova ölkənin konstitusiya quruluşunun devrilməsi ittihamı irəli sürüb. İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb. Müstəntiq İrəvan məhkəməsində Y. Xaçaturovun həbs edilməsi ilə bağlı vəsatət qaldırıb. Bu gün Y. Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb. Zaminə buraxma məbləği 5 milyon dram (10 min ABŞ dolları) təşkil edib.