Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı: Azərbaycan tam zamanında bu qlobal bazara daxil olub - RƏY

Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı: Azərbaycan tam zamanında bu qlobal bazara daxil olub - RƏY
# 11 dekabr 2023 14:32 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Serbiyada işgüzar səfərdə olub. Dövlət başçısı Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edib, Bolqarıstan Prezidenti Rumen Radev və Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüş keçirib.

Görüşlərdə Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyətini vurğulanıb, Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunularaq, bu layihənin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi, ölkəmizin Avropanın qaz təchizatına verdiyi töhfə baxımından önəmi qeyd edilib.

Azərbaycan 2026-cı ildən sonra Avropaya 20 milyard kubmetr qaz göndərə biləcək

Millət vəkili Vüqar Bayramovun fikrincə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Millət vəkili vurğulayıb ki, Azərbaycan mavi qazını alan ölkələrin sayı Serbiya ilə ən böyük təkrəqəmli səviyyəyə çatacaq: "Serbiya-Bolqarıstan İnterkonnektorunun istifadəyə verilməsi ilə Serbiyanın Azərbaycan qazını idxal etmək imkanları genişləndi. Serbiya ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyi gözlənilir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənubi Qaz Dəhlizinin yeni elementinə çevrilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorundan mavi qaz ala biləcək ölkələrdən biri də məhz Serbiyadır. Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrədək artırılması isə Macarıstan, Slovakiya, Rumıniya və Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin güclənməsindəki rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycan bu il Avropaya mavi qaz ixracatını 12 milyard kubmetrə çatdıracaq. 2026-cı ildən sonra isə Azərbaycan köhnə qitəyə 20 milyard kubmetr mavi qaz göndərə biləcək”, - deyə o, vurğulayıb.

V. Bayramov xüsusi olaraq qeyd edib ki, strateji münasibətlərimizin son illər daha da inkişaf etdiyi Serbiya ilə ticarət dövriyyəmiz son 4 ildə 2 dəfəyə yaxın artaraq 9.2 milyon dollara yüksəlib: “Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələrin yalnız enerji deyil, eyni zamanda qeyri-neft sektoru üzrə inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan səfər zamanı keçirilən görüşlər, müzakirələr və razılaşmalar da məhz bu potensialdan daha yaxından istifadəyə imkan yaradacaq. Ümumilikdə, Azərbaycan Prezidentinin son səfəri regionun enerji təhlükəsizliyinin güclənməsinə ciddi töhfə verəcək”.

"Azərbaycan tam zamanında bu qlobal bazara daxil olub"

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham ŞabanAPA-Economics”ə açıqlamasında bildirib ki, Azərbaycan zamanında bu qlobal bazara daxil olub: “Avropada onilliklər boyu qurulan enerji zənciri 2022-ci ildən qəfil qırılmağa başladı. Avropada enerji təhlükəsizliyində dayanıqlılığı artırmaq üçün Azərbaycan aparıcı oyunçulardan biri oldu. Azərbaycan dayanıqlı bir oyunçu kimi həmin o qırılmış zəncirləri yenidən bərpa edir. Bunun üçün müəyyən zaman lazımdır.

Azərbaycan tam zamanında bu qlobal bazara daxil olub. Avropa qaz istehlakçıları ölkəmizi, həqiqətən də, ciddi oyunçu kimi qəbul edərək bundan sonrakı dövr üçün əlaqələri daha da genişləndirmək siyasətini yürüdür. Bu, ölkəmiz üçün həm ticarət, həm siyasi, həm də mədəni əlaqələrin inkişafına yol açır. Biz öz enerjimizdən hansısa qüvvələrə qarşı təzyiq vasitəsi kimi istifadə etmirik. Biz bununla qarşılıqlı mənfəət, əlaqələrin genişləndirilməsi siyasətini yürütdüyümüzü ortaya qoyuruq”.

Azərbaycanın 2007-ci ildən qaz ixracatçısı ölkəsinə çevrildiyini deyən ekspert əlavə edib ki, uzun illər bizim, əsasən, iki qaz alıcımız olub: “Bunlardan biri Gürcüstan, digəri isə Türkiyə idi. 2020-ci ilin 31 dekabrından isə Azərbaycan qazı Avropadakı istehlakçılara da çatdırılır. Göründüyü kimi, Azərbaycan ildən-ilə öz qaz coğrafiyasını genişləndirir. Öncə Yunanıstan, İtaliya, sonra isə Bolqarıstan, Rumıniya Azərbaycandan qaz aldı. Ehtimal ki bu ilin sonunadək Macarıstan, 2024-cü ildən isə Serbiya da Azərbaycan qazının alıcısı olacaq. 2024-cü ildə 400 milyon kubmetr qazın Serbiyadakı istehlakçılara çatdırılması ilə bağlı kommersiya sazişi mövcuddur. Növbədə isə Slovakiya və Almaniya istehlakçıları dayanır.

2027-ci ilədək Avropadakı istehlakçıların əvvəlki dövrlə müqayisədə Azərbaycandan iki dəfə çox qaz almasına şərait yaranacaq. Bu da Azərbaycanda yeni qaz yataqlarının işə salınmasını gündəmə gətirir. Bu, həm də ölkəmizin maddi sərvətini qlobal bazarlara çıxararaq, vəsait qazanmasına şərait yaradır”.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır

İqtisadçı-ekspert Elşad Məmmədov da "APA-Economics"ə şərhində deyib ki, ölkə başçısının Serbiyaya son səfəri enerji sahəsində Avropada ölkəmizin əhəmiyyətini artırmış olur: “İnterkonnektorun istismara verilməsi ilə ölkəmiz Serbiyanın enerji balansının sabitləşməsinə töhfə verir. Bununla da, qaz tədarükçüsü və ixracatçı ölkə olaraq Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyində rolu artır”.

Xatırladaq ki, ötən ay Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji sənədlər imzalanıb. Belə ki, noyabrın 15-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.

Qeyd edək ki, Anlaşma Memorandumu qaz tədarükündən əlavə Serbiyaya LNG tədarükü, qaz anbarı sahələrində SOCAR-la əməkdaşlıq və şirkətin qaz ticarəti əməliyyatlarında, həmçinin, qazla işləyən elektrik stansiyasının inşasında iştirak imkanlarının araşdırılmasını da nəzərdə tutur.

Serbiyaya illik 400 milyon kubmetrə qədər qazın tədarükü nəticəsində Azərbaycan qazı ilə təchiz edilən ölkələrin sayı 8-ə çatacaq.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR