Səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının qalibləri məlum olub

Səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının qalibləri məlum olub
# 23 sentyabr 2016 13:01 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Sentyabrın 23-də Qəbələ rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun və FHN-nin İşçilərinin Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə səmti müəyyən etmə idman növü üzrə FHN-in IV çempionatının final mərhələsi keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində nazirliyin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə üzrə idman yarışına 23 qurumdan 23 komanda olmaqla 95 kişi və 3 qadın idmançının qatıldığını diqqətə çatdırıb. Bildirib ki, üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, FHN-nin əməkdaşları şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdiriblər. FHN-in səmti müəyyən etmə komandası dünya və Avropa çempionatlarına qatılacaq.

Tədbirdə FHN-nin İşçilərinin Həmkarlar Təşkilatının sədri Mehman İsmayılov, Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının prezidenti Mirəli Kazımov çıxış edərək ilk 3 yeri tutan əməkdaşları, komandaların üzvlərini təbrik ediblər, ölkəmizdə səmti müəyyən etmə idman növünün inkişafı üçün görülən işlərdən, əldə edilən uğurlardan danışıblar.

FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını yoxlamaq məqsədilə meşə şəraitində keçirilən bu yarışdan əvvəl baş hakim tərəfindən püşkatma mərasimi, komanda nümayəndələrinin iclası, eləcə də idmançılar üçün seminar keçirilib. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının hakimi Nataliya Əliyeva yarışların baş hakimi olub. Əvvəlcə kişi iştirakçılar kompas və xəritədən istifadə etməklə 4.2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Qadınlar isə kompas və xəritədən istifadə etməklə 3.2 kilometr məsafədə yerləşən 11 nəzarət məntəqəsinin tapılması uğrunda yarışıblar.

Yarışda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin komandası birinci, FHN-nin Bakı Regional Mərkəzinin komandası ikinci, FHN-nin Sumqayıt Regional Mərkəzinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşı Nigar Məmmədova ikinci, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Arzu Eyvazova üçüncü yeri tutub. Kişilərin yarışında FHN-nin mərkəzi aparatının əməkdaşı Elçin Əhmədov birinci, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin işçisi Turan Şükürov ikinci, FHN-nin Müki Müdafiə Qoşunlarının əməkdaşı Elçin Əzizov üçüncü yerə çıxıb. Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR