MHM USB tokenləri təqdim edib

MHM USB tokenləri təqdim edib
# 20 sentyabr 2016 10:26 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron imza" sertifikat daşıyıcılarının yeni bir növünü - USB tokenləri vətəndaşların ixtiyarına verib.


"APA-Economics" xəbər verir ki, MHM-nin Sertifikat Xidmət Mərkəzinin müdiri Arif Mailov təqdimat zamanı informasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlərin həm də elektron xidmətlərdən rahat istifadəyə imkan yaradacağını bildirib.

"İstənilən bank xidmətlərində, gömrük və vergi bəyannamələrinin doldurulmasında müştəri, eləcə də sahibkar öz mobil qurğusundan, yaxud kompüterindən istifadə edərək USB tokenlərlə çox asanlıqla əməliyyat apara bilər. USB tokenləri vətəndaşların, dövlət qurumları əməkdaşlarının, hüquqi şəxslərin autentifikasiya və "e-imza" məlumatların unikal daşıyıcısıdır", - deyə A. Mailov bildirib.


Mərkəz müdirinin sözlərinə görə, bu gün "Elektron imza" kartı təkcə imzalama vasitəsi kimi deyil, həm də vətəndaşların "Elektron hökumət" portalına giriş üçün, həmçinin bir sıra informasiya sistemlərinin açarı kimi istifadə olunur.

USB tokenlərin qiymətinə gəlincə, A. Mailov bildirib ki, əhali üçün bu daşıyıcıların qiyməti 18 manat, sahibkarlıqla məşğul olan fiziki şəxslər üçün 36 manat, hüquqi şəxslər üçün 72 manat, dövlət qulluqçuları üçün 58 manat təşkil edir. Bundan başqa, USB tokenlərdən istifadə zamanı əlavə kart oxuyucularından istifadəyə ehtiyac yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR